Daha 5 cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclərin Avropa çempionatı davam edir.

Sportline.az xəbər verir ki, Azərbaycanın daha 5 cüdoçusu bu gün yarışda mübarizəyə başlayacaq. Vüqar Talıbov (90 kq) 1/16 finalda Maksims Duinovsla (Latviya), eyni çəkidəki İsmayıl Zamanov Aleks Maruşka (Slovakiya) ilə üz-üzə gələcək. Ruslan Nəsirli (100 kq) 1/8 finalda Hubert İllmerlə (Avstriya), Kənan Nəsibov (100+ kq) eyni raundda Alin Baqrinlə (Moldova) görüşəcək.

Qadınların yarışında Nərmin Əmirli (78 kq) 1/8 finalda Yuli Alma Mişinerlə (İsrail) güləşəcək.

Qeyd edək ki, daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medal qazanıb.