De Byazzi millimizi seçməsinin səbəbini açıqladı

Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi Albaniyanın "Panoramasport" nəşrinin suallarını cavablandırıb.

Sportline.az həmin müsahibəni təqdim edir.

- Niyə Azərbaycan millisini seçdiniz?

- Albaniyadakından fərqli və mürrəkəb şəraitdə daha bir cəhd üçün Azərbaycanı seçdim. Hesab edirəm ki, ən azından Millətlər Liqası vasitəsilə belə bir imkanımız olacaq. Qrup mərhələsi asan keçməyəcək.

- Hansı fərqləri nəzərdə tutursunuz?

- Bunu ona görə dedim ki, komandanı hazırlaşdırmaq üçün vaxtım çox azdır. Avqustun ilk günlərində Azərbaycana gedəcəyəm, sentyabrın 5-də isə oyunlar başlayacaq. Fikrimcə, yığmaya çağırılacaq futbolçularla danışmalı, onları tanımalı, nəyə qadir olduqlarını bilməliyəm.

- Albaniya yığması ilə qazandığınız uğuru təkrarlaya bilərsiniz?

- Əlbəttə, istərdim. Amma hər vəziyyət eyni olmur, fərqlənir. Ən əsası, Albaniya millisində işləmək üçün daha çox vaxtım olmuşdu.

- Ansi Aqolli məşqçilər heyətində yer alacaq?

- Ümid edirəm ki, onu özümə köməkçi götürə biləcəyəm. Aqollinin "Nyu-York Kosmos"la ilin sonunadək müqaviləsi var. Görək, alınacaqmı? Bu, mənim üçün çox vacibdir. Çünki o, Azərbaycan futbolunu yaxşı bilir və çox ciddi insandır. Aqollinin peşəkarlığı xoşuma gəlir.

- Azərbaycan millisində Albaniyadakından fərqli nə edəcəksiniz?

- Hər bir anı yaşayacağam və ən etibarlı oyunçulardan hansının müsbət nəticə qazandığını qısa müddətdə tapmağa çalışacağam.

- Albaniya millisini Avropa çempionatının final mərhələsinə çıxardığınız üçün sizdən dünya çempionatına vəsiqə qazanmaq tələb oluna bilər. Bu amil sizi təzyiq altında qoya bilərmi?

- Hər kəsin maksimumu tələb etməsi mənim üçün normal görünmür. Düşünürəm ki, indi ilk növbədə Millətlər Liqasında qrupdan çıxmalıyıq.

- Azərbaycanda millisindən gözləntiləriniz nədir?

- Daha çox taktiki diqqət, həmçinin oyun zamanı topla daha sürətli hərəkət tələb olunur.