Dünya çempionatı: Azərbaycanın daha 3 cüdoçusu medal qazana bilər

Azərbaycanın daha üç cüdoçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən dünya çempionatında medal qazana bilər.

Sportline.az xəbər verir ki, bunlar Nizami İmranov, Nicat Nağıyev və Aydan Vəliyevadır.

60 kq çəki dərəcəsində çıxış edən İmranov ardıcıl olaraq Matiya Yeremiç (Serbiya), Retsu Matsunaqa (Yaponiya) və Kristian Genova (Bolqarıstan) qalib gələrək yarımfinala adlayıb. Lakin o, finala gedən yolda Davit Kareliyə (Gürcüstan) uduzduğundan, bürünc medal uğrunda görüşdə Dayyan Bolulemtafeslə (Fransa) qarşılaşacaq.

66 kq-dakı Nağıyev Ernane Neves (Braziliya) və Nurlubek Argenbekdən (Qazaxıstan) güclü olub. Əbil Yusubov isə Məhəmməd Mboup (Seneqal) və Abdullah Turqutlunu (Türkiyə) məğlubiyyətə uğradıb. Nağıyev 1/4 finalda Yusubova qalib gəlsə də, yarımfinalda Şohjakhon Otaboyevin (Özbəkistan) müqavimətini qıra bilməyib. O, bürünc medal uğrunda Federiko Bosislə (İtaliya) görüşəcək. Yusubov isə təsəlliverici görüşdə Dimitrios Giannopoulosa (Yunanıstan) yenilib.

Qadınların yarışında 48 kq-dakı Vəliyeva Zarina Jamalova (Özbəkistan) və Aitana Hernandesi (İspaniya) mübarizədən kənarlaşdırsa da, İlaria Finestroneyə (İtaliya) uduzub. Təsəlliverici görüşdə Alussia Poulangeni (Fransa) üstələyən cüdoçu bürünc medal uğrunda Luka Veglə (Macarıstan) üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl 55 kq-da yer alan Şahin Oruczadə gümüş medala sahib çıxıb.