Dünya çempionatı: Daha 3 güləşçimiz bu gün medal qazana bilər

Azərbaycanın daha üç sərbəst güləşçisi bu gün Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal qazana bilər.

Sportline.az xəbər verir ki, yarışın sonuncu günündə 61 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov təsəlliverici görüşdə Beşir Alili (Şimali Makedoniya) ilə, 97 kq-dakı Maqomedxan Maqomedov Zbiqniev Baranovski (Polşa) ilə üz-üzə gələcək.

Axşam saatlarında isə 65 kq-dakı 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev bürünc medal uğrunda qarşılaşmaya çıxacaq. Təcrübəli pəhləvanın rəqibi təsəlliverici görüşlərdən sonra bəlli olacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.