Avropa çempionatının finalçıları məlumdur

Kişi həndbolçuların eyni zamanda üç ölkədə  - Avstriya , Norveç və İsveçdə təşkil olunan Avropa çempionatında yarımfinal oyunları da arxada qalıb.

Sportline.az xəbər verir ki, finala vəsiqə uğrunda əvvəlcə İspaniya və Sloveniya komandaları meydançaya çıxıblar. Görüşün əvvəlindən təşəbbüsü ələ almağa çalıan ispanlar istəklərinə nail olublar. İlk hissəni 20:15 hesabı ilə üstün tamamlayan prineylilər qalan vaxtda rəqibin ciddi təzyiqi ilə üzləşsələr də, qələbəni əldən verməyiblər. Gərgin mübarizə ilə yadda qalan oyun 34:32 hesabıyla İspaniya millisinin xeyrinə nəticələnib.

Digər yarımfinal matçında Norveç və Xorvatiya komandaları üz-üzə gəliblər. Bu qarşılaşma da gözlənildiyi kimi gərgin mübarizə şəraitində keçib. İlk hissə 12:10 hesabı ilə  Xorvatiyanın, ikinci hissə isə, 13:11 hesabı ilə Norveçin xeyrinə yekunlaşdığından, əlavə vaxta ehtiyac duyulub. İmkanlardan daha effektli yararlanan Xorvatiya həndbolçuları over taymı qələbə ilə bitiriblər - 6:5. Beləliklə, yanvarın 26-da keçiriləcək final matçında İspaniya və Xorvatiya milliləri münasibətləri aydınlaşdıracaqlar.