Elçin Əsədov: "Hər dəfə onları görəndə məndə velosipedə həvəs yaranırdı"
Velosiped üzrə Azərbaycan seçmə komandasının və "Synergy Baku"nun üzvü Elçin Əsədovun SportLine.az saytına müsahibəsi.
- Əvvəlcə özünüz haqqında oxuculara ətraflı məlumat verərdiniz: İdmanla neçə yaşınızdan məşğul olmağa başlamısınız? İdmana həvəsi sizdə kim oyadıb? Necə oldu ki, velosiped idmanını seçdiniz?
- 12 fevral 1987-ci ildə Füzuli rayonunun Mahmudlu kəndində anadan olmuşam. Velosiped idmanı ilə 15 yaşından məşğul olmağa başlamışam. İdmana həvəsi qardaşım yaradıb. 1993-cü ildə doğma yurdumuzdan didərgin düşdük. Bakıda yataqxanada məskunlaşdıq. Yataqxana Sumqayıt şosesinin yaxınlığında idi. Tez-tez yoldan velosiped sürənlər keçirdi. Hər dəfə onları görədə məndə velosipedə həvəs yaranırdı. Qardaşımın köməyilə bu idmanla məşğul olmağa başladım.
- İlk dəfə qüvvənizi hansı yarışda sınamısınız? Çətin olmadı ki, sizin üçün? Zəhmət olmasa, ilk yarış xatirələrinizi bölüşərdiniz.
- 2003-cü ildə Azərbaycan birinciliyi keçirilirdi. İlk iştirak etdiyim yarış həmin birincilik olmuşdu. İndiyə kimi yadımdadır, cəmi dörd ay idi, velosiped idmanı ilə məşğul idim. Yarış mənim üçün çox çətin keçmişdi.
- Velosiped sizin üçün nədir? Yalnız idman növü, yoxsa...?
- Velosiped mənim üçün həyatdır. Bu idmana məndə elə bir sevgi var ki, hansısa gün velosiped sürməsəm, özümü çox pis hiss edirəm.
- Yəqin ki, digər idman növləri ilə də məşğul olmusunuz . Nə vaxt qərara aldınız ki, velosiped yalnız bir məşğuliyyət kimi deyil, eyni zamanda sizin üçün bir həyat tərzi olacaq?
- Xeyr, yalnız velosiped idmanı ilə məşğul olmuşam. Hər dəfə uğur qazandıqca tam əmin olurdum ki, velosiped idmanı mənim həyat tərzim olacaq. Və oldu.
- İlk qələbənizi necə xatırlayırsınız və bu qələbə sizin üçün nə demək idi?
- İlk qələbəmi çox yaxşı xatırlayıram. Bu, Azərbaycanın birinciliyində olmuşdu. Həmin qələbə sayəsində gənclərdən ibarət seçmə komandaya dəvət almışdım. Həyatımın ən sevinci anlarından idi...
- "Synergy Baku" hazırda Azərbaycanın bir nömrəli velosiped komandasıdır. Bu komandaya dəvət alanda hansı hissləri keçirdiniz?
- "Synergy Baku", dediyiniz kimi, ölkəmizin bir nömrəli velosiped komandasıdır. Bu komandaya dəvət alanda böyük qürur hissi keçirdim.
- "Tour d'Azerbaidjan" veloyürüşü idmançı karyeranızda hansı rolu oynadı?
- Bu veloyürüşün karyeramda xüsusi yeri var. "Tour d'Azerbaidjan" bizi dünyaya tanıtdı. Bu yarışda iştirak etmək, bizim üçün böyük təcrübədir.
- Komandamızın ən təcrübəli üzvlərindən sayılırsınız. Dəfələrlə fəxri kürsüyə qalxaraq etimadı doğrultmusunuz. Bir idmançı kimi və komandamızın uğurlarında əsas pay sahiblərindən biri kimi "Synergy Baku"nun perspektivini necə qiymətləndirirsiniz?
- "Synergy Baku"nun gələcəyini çox yaxşı görürəm. Bu komanda daim inkişafdadır. İnanıram ki, gələcəkdə daha böyük və daha güclü komandaya çevriləcək.
- Velosiped tək idman növü kimi deyil, sağlamlığın təminatçısı kimi və bir nəqliyyat növü kimi hansı əhəmiyyəti daşıyır?
- Velosiped, sağlam yaşamağın təminatçısıdır. Həm, idman kimi insanın sağlamlığına kömək edir, həm də havanı çirklənməkdən qoruyur. Velosipeddən nəqliyyat növü kimi istifadə edənlərin sayı artsa, sözsüz, şəhərimiz də daha təmiz olar.
- Velosiped idmanı növünə maraq göstərən gənclərə hansı məsləhəti verərdiniz?
- Velosiped çox gözəl idman növüdür. Təbii ki, hər idman növünün olduğu kimi, veloidmanın da öz çətinlikləri var. Bu idmanla məşğul olmaq istəyənlərə ilk məsləhətim, bütün çətinliklərə dözsünlər. Əsas da, bu idmanı sevsinlər. Uğurun təməlində sevgi dayanır.
- İdmançı kimi, yəqin ki, daha yüksək hədəfləriniz var. Elçin Əsədov üçün ən vacib məqsəd hansıdır? Gələcəkdə hansı yarışlarda iştirak etmək istərdiniz?
- Bir idmançı kimi ən böyük məqsədim, Azərbaycanın bayrağını dünya birinciliyində zirvəyə qaldırmaqdır. Təbii ki, hər bir velosipedçi kimi, mənim də ən böyük arzularımdan biri "Tour d'France"da iştirak etməkdir.
Tural Xudiyev
Velotur | SportLine.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir