Eldəniz Əzizli: "Rusiyanın Avropa çempionatında olmaması işimizə yaradı"
Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında 55 kq çəki dərəcəsində qızıl medal qazanmış Azərbaycan yuna-Roma güləşçisi Eldəniz Əzizlinin "Report"a müsahibəsi
- 2 qat Avropa çempionu oldunuz. Təəssüratlarınız necədir?
- Buna görə çox şadam. Yarışa yollanmazdan əvvəl hədəfim medal və çempionluq idi. Sevinirəm ki, bu istəyimə nail oldum.
- Yarışda ən çox çətinlik çəkdiyiniz rəqib hansı idi?
- Final görüşünü xüsusi qeyd edərdim. Gürcüstan təmsilçisi Nuqzari Tsurtsumia ilə qarşılaşmada çox çətinlik çəkdim. O da 2019-cu ildə dünya çempionu olub. Müxtəlif yarışlarda dəfələrlə üz-üzə gəldiyimizdən, məni yaxından tanıyır.
- Yarımfinalda Ermənistan təmsilçisi Rudik Mkrtçyana qalib gəldiniz. Bu ölkənin təmsilçiləri ilə görüşləriniz daha prinsipial olur?
- Xeyr, mən belə düşünmürəm. İdmanı siyasətə qatmaq istəmirəm. Amma hər halda erməni ilə düşəndə digər görüşlərə nisbətən məsuliyyət daha da artır. Buna baxmayaraq, qarşımdakına yalnız rəqib kimi baxmağa çalışıram.
- Dünya və ikiqat Avropa çempionusunuz. Amma 55 kq olimpiada çəkisi deyil. Paris-2024 Yay Olimpiya Oyunlarınadək çəkinizi dəyişməyi hədəfləyirsiniz?
- Bu barədə düşünürəm. Sentyabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatında nəticəm yaxşı olsa, çəkimi dəyişəcəyəm.
- Avropa çempionatlarında 6-cı dəfə medal qazanaraq, adınızı Azərbaycan yunan-Roma güləşi tarixinə yazdırdınız. Bu barədə nə deyə bilərsiniz?
- Bu rekorda sahib çıxmaq mənim üçün həqiqətən sevindirici haldır. Ümid edirəm ki, qarşıdakı yarışlarda medallarımın ardı gələcək.
- Güləşdə Azərbaycanın əsas rəqibi Rusiya təmsilçiləridir. Onların bu yarışda olmamaları sizə əlavə üstünlük verdimi?
- Heç şübhəsiz, rusiyalı güləşçilərin olmamaları bizə həqiqətən əlavə üstünlük verdi. Hamıya bəllidir ki, qitənin ən güclü güləşçiləri Rusiya təmsilçiləri hesab edilirlər. Belə idman ölkəsinin yarışda olmaması işimizə yaradı.
- Komanda hesabında da Avropa çempionu oldunuz. Bu uğurda baş məşqçinizin Aleksandr Tarakanovun nə dərəcədə rolu var?
- Tariximizdə ilk dəfə bu uğura yiyələndik. Məncə, burada tək baş məşqçinin yox, bütün məşqçilər heyətinin əziyyəti böyükdür. Güləşçilər də əllərindən gələni etdilər və sonadək güləşdilər. Uğuru tək məşqçilərə və idmançılara bağlamaq olmaz. Bu, bütün komandamızın qələbəsidir. Məşqçilər heyətinin və idmançıların böyük əziyyəti var. Biz birlikdə komanda olmağı bacararaq, Avropa çempionu olduq.
- Bu il 30 yaşınız tamamlanacaq. Daha necə il güləşdə qalmağı düşünürsünüz və ümumiyyətlə, qarşıdakı hədəfləriniz nədir?
- Hələlik güləşdə qalıram, çünki potensialımı itirməmişəm. Bundan sonra da medallar qazanmağa davam etmək istəyirəm. Karyeramı nə vaxt başa vuracağım barədə isə düşünməmişəm.