Elmar Baxşıyev: "Qəbələ"nin potensialı bu deyil, daha yaxşı ola bilərik"

“Oyunun çətin keçəcəyini bilirdik. Komandanı ağır matça hazırlamışdıq. Son iki mövsümdə “Səbail”lə ev görüşlərində qalib gələ bilməməyimiz komandaya əlavə motivasiya verirdi".

Sportline.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 4-cü turunda "Səbail"ə qalib gəldikləri oyundan sonra təşkill edilən mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis 5:0 hesablı qələbəni belə şərh edib: "Futbolçular verilən tapşırığı meydanda layiqincə yerinə yetirdilər. Omar Hani potensialının 50 faizini göstərir. Məşqdə də hiss edirik ki, hələ optimal formada deyil. Əlbəttə, öz formasına çatsa, daha yaxşı Omar görəcəyik. İlk hissədə də komanda rahat oynayır, necə hücum etməyi bilirdi. Fasilədə bir neçə korrektə etdik, bəzi zonalara diqqəti artırdıq. İkinci yarıda futbolçularımız daha artığını göstərdi. Bu, komandanın potensialı deyil və daha yaxşı ola bilərik. İnanıram ki, oyun planında daha yaxşı olacağıq. Ülvi İsgəndərov lazımi anda oyunu gücləndirə biləcək futbolçudur. Sevindiricidir ki, komandaya fayda verə bilir. Yaovi Akakponun zədəsi ciddiyə bənzəyir, amma tibbi müayinədən sonra dəqiqləşəcək”.