“Əmimin qazandığı uğurlar məndə velosipedə həvəs oyadıb”

Soyadı fərqli olsa da, Rəşad Məmmədov “Synergy Baku” komandasının üzvü Elçin Əsədovun qardaşı oğludur. Əmisi kimi, o da velosiped idmanı ilə peşəkar məşğuldur. 16 yaşlı Rəşad artıq üç ildir, bu idman növünün sirlərinə yiyələnir. “Lokomotiv” klubunun şərəfini qoruyan velosipedçi bir neçə yarışda bacarığını da göstərib.

- Necə oldu ki, velosiped idmanı ilə məşğul olmağa qərar verdin?

- Əmimin yarışlardakı çıxışı, qazandığı uğurlar məndə bu idman növünə həvəs oyatdı. Onun dəstəyi və məsləhətləri ilə velosiped idmanı ilə məşğul olmağa qərar verdim. Artıq üç ildir ki, peşəkar səviyyədə velosiped sürürəm.

- Yəqin ki, əmin sənə kömək edir…

- Tez-tez mənə velosipedim üçün aksesuarlar hədiyyə edir. Velosiped seçimində yardımçım olur.  Vaxtı olduqca, məşq prosesimi izləyir. Mənə taktiki ve texniki məsləhətlər verir. Yarışlarda qazandığı təcrübəni bölüşür.

- Elçin Əsədov beynəlxalq yarışlarda ölkəmizi təmsil edir. Sən hansı yarışlarda iştirak etmək imkanı qazanmısan?

- Hələ ki, yalnız yerli yarışlarda qüvvəmi sınamışam. Uğurlarım da yoxdur. Ancaq  böyük arzularım var. Ümid edirəm, gələcəkdə beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəyəm.

- Yəqin ki, arzularının zirvəsində “Tour d'France” dayanır…

- Hər bir velosipedçinin ən böyük arzusu, “Tour d'France”da iştirak etməkdir. Bunun üçün yaxşı hazırlıq tələb olunur. Mən də arzularımı reallaşdırmaq üçün çalışıram. Çoxlu məşqlər edirəm, həvəskar və peşəkar yarışlarda qüvvəmi sınayıram. Məncə, sonadək istəyimdən əl çəkməsəm, “Tour d'France”da, nəinki iştirak edə, hətta qalib də gələ bilərəm.

- Velosiped sənin üçün nədir? Yalnız idman növü kimi məşğul olursan, yoxsa nəqliyyat vasitəsi kimi istifadə edirsən?

- Velosiped, mənim hər şeyimdir. Həm idman növü kimi məşğul oluram, həm nəqliyyat vasitəsi kimi istifadə edirəm, həm də bu, mənim ən maraqlı hobbimdir. Dostlarımla tez-tez görüşüb velosiped sürürəm.

- Velosiped sürənlərin sayı kifayət qədərdir. Ancaq peşəkar səviyyədə bu idman növü ilə məşğul olan azdır. Onları bu idman növünə necə cəlb etmək olar?

- Düşünürəm, təbliğat aparmaq lazımdır. Məşğul olmaq üçün çox gözəl idman növüdür. Sadəcə, Azərbaycanda yeni-yeni populyarlaşmağa başlayıb. Əvvəllər bizdə bu idman növü elə də məşhur deyildi. Ancaq son illər görülən işlər, xüsusilə, “Tour d'Azerbaidjan” kimi beynəlxalq yarışların təşkili velosiped idmanına marağı artırıb. Təbliğat məqsədli həvəskar yarışların sayı bir qədər də çoxalsa, getdikcə daha çox gənc bu idman növünə üz tutacaq.

Vüsal Məmmədzadə
Velotur | SportLine
.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir