Ən çox qırmızı vərəqə alan futbolçu

Meksika çempionatında “Monterrey”in şərəfini qoruyan Serxio Ramos peşəkar karyerasında 30-cu qırmızı vərəqəsini ölkə çempionatının 12-ci turunda “Pumas”la oyunda alıb və dünya birinci və ikinci divizionlarında, kuboklarda və milli komandalarda oyunlar nəzərə alınmaqla, tarixdə ən çox qırmızı vərəqə alan futbolçu olub. 

Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, bundan əvvəlki rekordçu karyerası ərzində 29 qırmızı vərəqə alan panamalı Felipe Baloy idi. Serxio Ramos sosial şəbəkədə qovulmasına zarafatla cavab verib: "Bu çempionatı qırmızı vərəqəsiz tərk edə bilməyəcəyim açıq-aydın idi".

Ramos bundan əvvəl "Real"ın futbolçusu kimi 26 dəfə, PSJ-nin heyətində iki dəfə və "Sevilya"nın futbolçusu kimi bir dəfə qırmızı vərəqə alıb. Eyni zamanda, ispaniyalı heç vaxt İspaniya millisinin heyətində keçirdiyi oyunlarda qırmızı vərəqə almayıb.