"Fənərbağça" Çempionlar Liqasında mübarizəni dayandırdı

Qadın voleybolçuların Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilir.

Sportline.az xəbər verir ki, Türkiyə təmsilçisi öz meydanında İtaliyanın “Konelyano” klubu ilə qarşılaşıb. İlk oyunda “Fənərbağça” səfərdə rəqibinə müqavimət göstərə bilməmiş və 0-3 hesabı ilə məğlub olmuşdu.

Cavab oyununda da İtaliya voleybolçuları dominantlıq ediblər. İlk setin əvvəllərindən bərabər səviyyəli oyun getsə də, tədricən təşəbbüsü ələ keçirən “Konelyano” bu hissədə 25-18 hesabı ilə qalib gəlib. 2-ci setdə “Fənərbağça” xeyli fəallaşıb. Ancaq “sarı-lacıvərdlilər” nə qədər çalışsalar da, yenə qələbə qazana bilməyiblər. 22-25.

3-cü setdə isə daha gərgin oyun alınıb. Təsadüfi deyil ki, setin sonlarında uzun müddət rəqiblər xala-xal prinsipi ilə mübarizə aparıblar. Ancaq yenə də daha dəqiq olan “Konelyano” voleybolçuları sonda qələbəni bayram ediblər 28-26. Beləliklə, ilk görüşdə olduğu kimi cavab oyununda da 3-0 hesabı ilə qalib gələn “Konelyano” klubu Çempionlar Liqasının finalına vəsiqə qazanıb.