FİDE yeni reytinq cədvəlini açıqladı
FİDE şahmatçılar yeni reytinq cədvəlini təqdim edib. SportLine.az xəbər verir ki, siyahının ilk "100-lüy"ündə 6 Azərbaycan qrossmeysteri yer alıb.
Ən yaxşı göstərici yenə Şəhriyar Məmmədyarovun aktivindədir. O, 2820 xalla 3-cü pillədəki mövqeyini qoruyub.
Teymur Rəcəbov və Arkadi Naydiçin də reytinqdəki mövqeyi dəyişməyib. Rəcəbov 1757 xalla 14-cü, Naydiç isə 2736 xalla 20-cidir. Azərbaycan kişi şahmatçılarından yalnız Rauf Məmmədov iki pillə geriləyib. O, 2703 xalla 42-ci pillədədir. Eltac Səfərli 2671 xalla 72-ci, Qədir Hüseynov isə 2664 xalla 82-ci sıradadır.
Siyahıya 2835 xalla norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir. ABŞ şahmatçısı Fabiano Karuana isə 2832 xalla 2-ci yerdədir.
Qadınların "100-lüy”ündə isə Azərbaycanın 3 şahmatçısı yer alıb. Günay Məmmədzadə bir pillə geriləyərək 2422 xalla 47 pillədə qərarlaşıb. Aktivində 2397 xal olan Xanım Balacayeva isə bir pillə irəliləyib və 62-ci pilləyə yüksəlib. Gülnar Məmmədova isə iki pillə geriləyib və 2368 xalla 99-cu yerdədir.
Qadınların siyahısına 2662 xalla çinli Hou Yifan başçılıq edir.