Firdovsi Umudov: "Şəhid ailələrinə söz vermişdik ki, qələbələrimizlə onları sevindirəcəyik"

Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatında uğurla çıxış edən sərbəst güləş komandamız vətənə dönüb.

Sportline.az saytına müsahibə verən Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov komandanın çıxışını yüksək qiymətləndirib.

"İlk növbədə gecə saat 5-də bizi qarşıladığınız və sevincimizə şərik olduğunuz üçün siz mətbuat nümayəndələrinə minnətdarlığımı bildirirəm. Həqiqətən çox böyük qələbədir. Güləşçilərimiz böyük əzmkarlıq və xarakter nümayiş etdirdi. 3 il öncə aprel ayında şəhidlər verdik, qazilərimiz oldu. Biz şəhid ailələriylə görüşəndə söz vermişdik ki, qələbələrimizlə onları sevindirəcəyik. Belə də oldu. 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazandıq, komanda hesabında 3-cü olduq.

Buxarestdə federasiyamızın rəhbəri Namiq Əliyev UWW-nin (Dünya Güləş Birliyi) rəhbər şəxslərilə məhsuldar görüşlər keçirdi, gələcək planlar müzakirə olundu. Bu yarışda medalsız qalan güləşçilər ruhdan düşməsin. İşləmək lazımdır. Baş məşqçi Saypulla Absaidov başda olmaqla, bütün məşqçilər korpusuna minnətdarlığımı bildirirəm. Bu il bizi 2-ci Avropa Oyunları və dünya çempionatı gözləyir. İnanıram ki, bu yarışlarda da uğurlu çıxış edəcəyik”.

Xatırladaq ki, idmançılarımızdan Şərif Şərifov, Hacı Əliyev və Cəbrayıl Həsənov Avropa çempionu olub. Ağahüseyn Mustafayev gümüş medal qazandığı halda, Nurməhəmməd Hacıyevlə Mahir Əmiraslanov bürünc mükafatla kifayətlənib.