"Formula-1"ə dəstək yarışları

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə "Formula-1 yarışlarına dəstək" aksiyası çərçivəsində Bakı şəhər məktəbliləri arasında velosiped idmanı üzrə rayon birincilikləri davam edir. SportLine.az xəbər verir ki, əsas məqsəd mayın 25-nə planlaşdırılan final mərhələsinə vəsiqə qazanacaq komandaları müəyyənləşdirməkdir.

Mayın 19-da Veloparkda daha 2 rayonun - Səbail və Qaradağ rayonlarının orta məktəbləri arasında ən güclülər müəyyənləşib. Reqlamentə əsasən, tərkibi 3 oğlan və 1 qız velosipedçidən ibarət olan komandalar estafet sistemi üzrə 800 metr məsafəyə mübarizə aparıblar. Səbail rayonunun məktəbləri arasında birinci yerə 132/134 saylı birləşmiş məktəbin komandası layiq görülüb. 239 və 236 saylı məktəblər isə müvafiq olaraq 2-3-cü yerləri tutublar.

Qaradağ rayonunun məktəbliləri arasında ən yüksək nəticəyə 233 saylı məktəbin komandası imza atıb. 253 saylı məktəb 2-ci, 288 saylı məktəb isə 3-cü olub. İlk 3 yeri tutan kollektivlər diplom və kubokla mükafatlandırılmaqla yanaşı, mayın 25-də keçiriləcək final mərhələsinə də vəsiqə qazanıblar.