"Formula-1"ə dəstək yarışları başa çatdı

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə "Formula-1 yarışlarına dəstək" aksiyası çərçivəsində Bakı şəhər məktəbliləri arasında velosiped idmanı üzrə birinciliyə yekun vurulub. Final mərhələsi Ağ Şəhər Bulvarında təşkil edilən yarışda rayon birinciliklərində ilk 3 yeri tutmuş 36 komanda mübarizə aparıb.

Reqlamentə əsasən, tərkibi 3 oğlan və 1 qız velosipedçidən ibarət olan komandalar estafet sistemi üzrə mübarizə aparıblar. Nəticələrə gəlincə, Nizami rayonu 251 saylı orta məktəbin komandası ən yaxşı vaxt göstəricisi ilə çempion olub. Xətai rayonu 29 saylı orta məktəbin komandası 2-ci olub. İlk üçlüyü Səbail rayonu 132 saylı orta məktəbin velosipedçiləri tamamlayıb.

Mükafata layiq yerlər tutan kollektivlər medal, diplom, kubok və qiymətli hədiyyələrlə təltif ediliblər.