Fransa yoxsa İspaniya? Finala kim daha laiqdir...

Futbol üzrə Dünya çempionatında yarımfinal həyacanı davam edir. 

Sportline.az xəbər verir ki, əvvəlcə meydana Fransa və İspaniya komandaları çıxacaqlar. Hər iki kollektiv mundialın əsas favoritləri sırasındadır. Onların yarımfinal mərhələsinədək irəlləməsi də təsadüfi deyil. Həm, Fransa həm, İspaniya millisi mübariz keyfiyyətləri, oyun nizam intizamı və təbii ki, yüksək futbol ustalığına malik aparıcı simaları sayəsində buna nail olub. 

Fransalılar qrup mərhələsində Seneqala 3-1, İraqa 3-0, Norveç millisinə isə 4-1 hesabı ilə qalib gəldilər. Ardınca pley-offda İsveç komandası ilə qarşılaşan Didye Deşamın komandası bu səddi 3-0 hesablı qələbə ilə adladı. 1/8 finalda fransalılar Paraqvayla üz-üzə gəldilər. Cənubi amerikalılar güclü rəqibə cidd müqavimət göstərsələr də, məğlubiyyətdən qurtula bilmədilər. Kilian Mbappenin penaltidən vurduğu qol Fransanı ¼ finala daşıdı. Üçrənglilər bu mərhələdə mundialın diqqət çəkən komandalarından biri olan Mərakeşlə üz-üzə gəldilər. Fasiləyədək rəqib qapısına yol tapa bilməyən Fransa millisi istəyinə ikinci hissədə çatdı. Kilian Mbappe və Usman Dembele məsələyə aydınlıq gətirdi. 2-0 və Fransa millisi yarımfinaldadır.  Kilian Mbappe və komanda yoldaşlarını finalın bir addımlığında olduqca çətin rəqib gözləyir. 

Yarışın favoritlərindən olan İspaniya mundiala heç də özünə layiq şəkildə başlamamışdı. Kabo Verde ilə oyunda qeydə alınan qolsuz bərabərlik bu komandanın statusuna az qala kölgə salacaqdı. Amma “qırmızı furiya” ikinci turda Səudiyyə Ərəbistanı komandası üzərində 4-0 hesablı qələbə ilə bir növ geridönüş etdi. Son turda Uruqvay seçməsinə minimal hesabla qalib gələn ispanlar növbəti mərhələyə adladılar. Pley-offda azarkeşlər İspaniya millisinin ifasında daha bir maraqlı tamaşa izlədilər. Oyarzabal və Porronun vurduğu qollar İspaniyanın potensialını növbəti dəfə isbatladı. 1/8 finalda Luis De La Fuentenin komandasını Portuqaliya millisi gözləyirdi. Bəzilərinin erkən final adlandırdığı görüş gözlənildiyi kimi gərgin mübarizəyə səhnə oldu. İspaniyalılar növbəti mərhələnin qapısını yalnız Mikel Merinonun 90+1-ci dəqiqədə vurduğu qolla açdılar və nəhayət ¼ finalda Belçika seçməsi ilə qarşılaşan pireneylilər 2-1 hesablı qələbə sayəsində yarımfinal mərhələsinə vəsiqə qazandılar.

Göründüyü kimi hər iki komandanın bu mərhələyədək yolu enişli-yoxuşlu qrafik cızıb. Finala kimin daha laiq olduğunu isə iyulun 14-ü Bakı vaxtı ilə saat 23-də başlanacaq oyun göstərəcək.

Banner