Fut Net YAŞAT düşərgəsində
Azərbaycan Fut Net Federasiyası yarandığı gündən yəni 04.03.2016-cı ildən bəri öz fəaliyyətini artan temp üzrə davam etdirir.
Sportline.az xəbər verir ki, bu günə qədər 15-ə yaxın daxili turnir təşkil edən federasiya futtennis və futvolley üzrə 6 beynalxalq turnir təşkil edib.
YAŞAT fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgə barəsində eşitdiklərində federasiya rəhbərliyi qərara alıb ki, bu gözəl işə öz töhvəsini versin. Federasiyanın prezidenti Vüsal Xəlilovun birbaşa tapşırığı ilə baş katib Əfqan Həmzəyev başda olmaqla bir qrup nümayəndə Lənkərana yollanıb.
Daima yeniyetmə və gənclərə dəstək olan Azərbaycan Fut Net Federasiyası YAŞAT fondunun dəvəti ilə düşərgədə mini turnir keçirib. Yarışda 16-18 yaş arası şəhid övladları iştirak edib. Maraqlı mübarizə şəraitində keçən turnirdə 8 komanda bacarığını göstərib. Yekunda qaliblərin adına aydınlıq gəlib.
Federasiyanın baş katibi Əfqan Həmzəyev əsas məqsədin mini turnir keçirməklə yanaşı fut net idman növünün gənclər arasında təbliği olduğunu bildirib. Həmzəyevin sözlərinə görə, həmin uşaqlar həm qaydaları öyrəniblər, həm də asudə vaxtlarını belə maraqlı idman növünə həsr ediblər.
YAŞAT fondu ilə qarşıda işbirliyinə davam etməkdə maraqlı olduğunu deyən baş katib növbəti yarışlara YAŞAT rəhbərliyini, şəhid ailələrini və qaziləri dəvət edəcəklərini də vurğulayıb.


