“Giro d'Italia” hekayəsi
1908-ci ildə “La Gazzetta dello Sport”un redaktoru Tullo Morqanyi qəzetin sahibi Emilio Kostamanyaya teleqraf göndərir. Teleqrafda “Tour d'France”a bənzər velosiped yarışının təşkilinin vacibliyi vurğulanır. Tullo “Giro d'Italia”, yəni “İtaliya turu” adlandırılacaq yarışın, həm də qəzetin reklamı baxımından əhəmiyyətli olduğunu qeyd edir.
Həmin vaxt “La Gazzetta dello Sport”un əsas rəqibi – “Corriere della Sera” avtomobil yarışı təşkil etmişdi və velosiped turunun hazırlıqlarına başlamışdı. Tullo məktubunda rəqiblərinin planı barədə də Emilio Kostamanyaya xəbər verir. Beləliklə, qərara alınır ki, tez bir vaxtda hazırlıq işlərinə başlanılsın. Ancaq bir problem var idi - pul. “La Gazzetta dello Sport”un böyük bir yarış təşkil etməyə gücü çatmazdı. Bununla belə, Emilio Kostamanya inanırdı ki, çətin vəzifənin öhdəsindən gəlmək mümkün olacaq. Buna görə, 7 avqust 1908-ci ildə nəşr olunan qəzetin ilk səhifəsində “Giro d'Italia” adlı yarışın keçiriləcəyi ilə bağlı elan verilir. Elanda yarışın 1909-cu ilin may ayında olacağı qeyd edilir.
Bunun ardınca, təcrübə toplamaq üçün əvvəlcə “Giro d'Lombardia” və “Milan-San Remo” adlı iki kiçik yarış təşkil olunur.
Ardınca “Giro d'Italia”nın xərcləri hesablanır. Yarışın təşkili üçün 25 min lira tələb olunurdu. “La Gazzetta dello Sport”un bu qədər büdcəsi yox idi. Ona görə, Emilio Kostamanya “Cassa di Risparmio”nun mühasibi Primo Bonqranidən kömək istəyir. İdeyanı maraqla qarşılayan Bonqrani təşkilatçılara kömək üçün əlindən gələni edəcəyinə söz verir.
Danışıqlara başlayan Bonqrani tezliklə lazım olan vəsaiti toplayır. Hətta, “La Gazzetta dello Sport”un rəqibi “Corriere della Sera” da yarışın fonduna 3 min lira pul köçürür.
13 may 1909-cu ildə isə ilk “Giro d'Italia” yarışına start verilir. Milanda başlayan yarışda 147 velosipedçi mübarizə aparır.
İştirakçılar 8 mərhələdə 2448 km məsafə qət edirlər. Velosipedçilərdən yalnız 49-u finişə çatmağı bacarır. Qalib isə italiyalı Luici Canna olur. 3 mərhələdə qalib gələn Canna ümumi nəticədə də bütün rəqiblərini qabaqlayır. Velosipedçi qalib üçün nəzərdə tutulan 5325 lira mükafata da sahib çıxır.
Luici Canna
Luici Canna və yarışı ikinci pillədə bitirən Karlo Qaletti sonradan “Atala” komandasının heyətinə cəlb olunurlar. Onlar 1912-ci ildə bu komanda ilə yenidən “Giro d'Italia”da iştirak edirlər.
1914-cü ildə qaydalara dəyişiklik edilir: xal sistemi vaxt sistemi ilə əvəz olunur. Beləliklə, finişə ən qısa müddətdə çatan iştirakçılar qalib adını qazanırlar.
1915-1918-ci illərdə I Dünya Müharibəsi səbəbi ilə yarışlar keçirilmir. 1919-cu ildə müharibədən sonrakı ilk yarışı Konstante Cirardenyo qazanır. Yarışın tarixində daha bir fasilə II Dünya Müharibəsi zamanı yaranıb.
“Giro d'Italia”nın ən yadda qalan iştirakçılarından biri Alfredo Binda hesab olunur. O, 5 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxır. 1927-ci ildəki yarışda isə 15 mərhələnin 12-də qələbə qazanmaqla diqqət çəkir.
1972-74-cü illərdə belçikalı Merks Eddi ardıcıl üç dəfə “Giro d'Italia”da qalib gəlir.
Merks Eddi
Hazırda da “Giro d'Italia” “Tour d'France” və “Vuelta a España” ilə birgə dünyanın üç ən nüfuzlu velosiped yarışından biri hesab edilir. Hər il may ayında üç həftə davam edən yarışın mərhələləri hər dəfə dəyişir. İştirakçılar sprint, dağ və vaxta qarşı mərhələlərdə mübarizə aparırlar.
“Giro d'Italia”da iştirakçılara beş rəngdə köynək təqdim edilir:
Çəhrayı köynək: Ümumi xalda liderə verilir. 1931-ci ildən tətbiq edilir. “La Gazzetta dello Sport” bu rəngdə kağıza çap olunduğundan liderə verilən köynək üçün çəhrayı seçilib;
Bənövşəyi köynək: Sprint növündə ən çox xal qazanan velosipedçilərə verilir. 1966-cı ildən “Giro d'Italia” iştirakçıları bu köynək uğrunda mübarizə aparırlar;
Yaşıl köynək: Dağ mərhələsinin qaliblərinə verilir. 1933-cü ildən tətbiq edilir;
Ağ köynək: 25 yaşadək iştirakçılardan finişə ən tez çatan sprinterə təqdim olunur;
Qara köynək: Ümumi xalda ən zəif göstəriciyə sahib velosipedçiyə verilir.
Velotur | SportLine.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir