Güləşçimiz Avropa çempionu oldu
Bu gün Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulub.
Sportline.az xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın beş Yunan-Roma güləşçisi də medal uğrunda həlledici görüşlərə çıxıb.
82 kq çəki dərəcəsində mübarizə aparan Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və ikiqat Avropa çempionu Rafiq Hüseynov final görüşünə çıxıb. 34 yaşlı idmançı həlledici görüşdə Gela Bolkvadze (Gürcüstan) ilə üz-üzə gəlib. Rəqibinə 2:1 hesabıyla qalib gələn Rafiq 3-cü dəfə Avropa çempionu olub. Bununla da o Azərbaycan yunan-Roma güləşi tarixində ən çox Avropa çempionu olan idmançı kimi yeni rekord müəyyənləşdirib.
60 kq-da yarışan Murad Məmmədov bürünc medal uğrunda qarşılaşmada Razvan Arnautla (Rumıniya) üz-üzə gəlib. Rəqibinə 5:2 hesabıyla qalib gələn Murad Avropa çempionatının bürünc medalına sahib çıxıb.
67 kq-dakı Həsrət Cəfərov Sebastian Nadla (Serbiya) qarşılaşıb. Rəqibini 8:1 hesabıyla üstələyən Həsrət Avropa üçüncüsü olub.
72 kq-da yer alan Ülvi Qənizadə bürünc medal görüşündə litvalı Kristupas Sleyvayla üz-üzə gəlib. Qarşılıqlı xalların qazanıldığı maraqlı qarşılaşmada sevinən tərəf Qənizadə olub - 14:7. Beləliklə, Ülvü də bürünc medalçıların sırasına qoşulub.
97 kq-da çıxış edən Murat Lokyayev 1/8 finalda finlandiyalı Arvi Savolaynenlə bacarmayıb - 1:7. Ancaq rəqib finala yüksəldiyi üçün millimizin üzvü 3-cü yer uğrunda mübarizə aparmaq şansı əldə edib. Lokyayev təsəlliverici görüşdə yunan Laokratis Kesidisə vaxtından əvvəl qalib gəlib - 11:1. Murat həlledici görüşdə avstriyalı Daniel Qastla 1:4 hesabıyla uduzub və yarışı 5-ci pillədə başa vurub.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb. Sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub. Qadın güləşçilərdən isə Elis Manolova (65 kq) gümüş medal əldə edib.