Güləşçimizdən mükəmməl əzmkarlıq və Avropa çempionluğu

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Sportline.az xəbər verir ki, qadın güləşçilərimizdən Elis Manolova ilk mərhələdə çətinliklə də olsa, isveçli həmkarına qalib gəlib. Elis 1/4 finalda alman güləşçini də məyus edərək yarımfinala yüksəlib. Bu mərhələdə dünya və Avropa çempionu ilə qarşılaşan Manalova möhtəşəm güləş sərgiləyib. Titullu rəqibini “tuşe” ilə məğlub edən Elis ötən il Kaspiyskdə keçirilən analoji yarışdakı məğlubiyyətin əvəzini çıxıb və ardıcıl 2-ci il AÇ-nin finalına yüksəlib. Həlledici görüş dramatik alınıb. Sona 2 dəqiqə qalmış 0:4 hesabıyla geridə olan idmançımız əmkarlıqla Avropa çempionu olub: 6:4.

Tatyana Varansova ilk mərhələdə ikiqat dünya və Avropa çempionuna müqavimət göstərə bilməyib.

Alyona Kolesnik startda isveçli rəqibini elə ilk dəqiqədə "tuşe" ilə məğlub edib. Macar idmançıyla görüşə də yaxşı başlayan Kolesnik 5 xal fərqiylə önə çıxıb. Ancaq üstünlüyünü qoruya bilməyən Alyona xalçadan məğlub ayrılıb. Rəqib finala yüksəldiyi üçün seçməmizin üzvü təsəlliverici görüşə çıxıb. Yerli idmançıyla qarşılaşan Alyona elə ilk hissədə "tuşe" ilə qalib gəlib. Kolesnik axşam seansında Bolqarıstan təmsilçisini də "tuşe" ilə üstələyərək yığmamızın hesabına növbəti bürünc medalı yazıb.

Tatyana Omelçenko da qitə birinciliyinə inamlı qələbəylə start verib. Yığma üzvü Norveç təmsilçisini vaxtından əvvəl üstələyib. Omelçenko daha sonra gücünü polşalı rəqibinə göstərib və adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında bolqar güləşçiyə uduzub. Tatyana “bürünc” üçün güləşib və ukraynalı həmkarını üstələyərək Avropa 3-cüsü olub.

53 kq
1/8 final - Tatyana Varansova - Vanesa Kaladzinskaya (BLR)

57 kq
1/8 final - Alyona Kolesnik - Sara Lindborq (SWE) 2:0 (tuşe)
1/4 final - Alyona Kolesnik - Emese Barka (HUN) 5:6
Təsəlliverici görüş - Alyona Kolesnik - Denisa Fodor (ROU) 4:0 (tuşe)
Bürünc medal görüşü - Alyona Kolesnik - Mimi Nikolova Xristova (BUL) 10:2

62 kq
1/8 final - Tatyana Omelçenko - Hedda Hauq Strand (NOR) 12:1
1/4 final - Tatyana Omelçenko - Katarjina Madrovska (POL) 6:0
1/2 final - Tatyana Omelçenko - Taybe Mustafa Yuseyin (BUL) 0:4
Bürünc medal görüşü - Tatyana Omelçenko - İlona Prokopevniuk (UKR) 6:4

65 kq
Təsnifat - Elis Manalova - Anna Katerina Yohansson (SWE) *2:2
1/4 final - Elis Manalova - Lusi Manke (GER) 2:0
1/2 final - Elis Manalova - Petra Olli (FİN) 5:0 (tuşe)
FİNAL - Elis Manalova - Krişta Tunde İnçe (ROU) 6:4