Hacı Əliyev: "Əsgərlərimiz qələbə eşqi ilə alışıb-yanırlar"

Sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyevin müsahibəsi.

- Bu yaxınlarda Rafael Ağayevlə birlikdə cəbhə bölgəsində oldunuz. Hətta "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovla Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov da orada idi. Maraqlıdır, səfər kimin təşəbbüsü ilə təşkil olunmuşdu?

- Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən Ordumuza yardım kampaniyası var idi. Sadəcə, mən, Rafael Ağayev və Fərhad Acalov İdmançılar İctimai Birliyin adından cəbhə bölgəsinə yollanmışdıq. Həm əsgərlərlə görüşdük, həm də yaralılara baş çəkdik. Rəşad Sadıqovla Zabit Səmədov isə özləri ayrıca getmişdilər. Biz orada görüşmüşük.

- İstər maddi, istər mənəvi cəhətdən Ordumuza hansı formada dəstək verdiniz?

- Maddi dəstəyi cəbhə bölgəsinə getməmişdən öncə vermişdik. Nazirlik tərəfindən hərbçilərimizə isti geyimlər, ərzaq yardımı göndərilmişdi. Mənəvi dəstəyə gəlincə, bildirdik ki, ola bilər, indi burada azıq, amma bütün Azərbaycan idmançıları əsgərlərimizin yanındadır. Dedik ki, öz canımız, qanımızla vuruşmağa hazırıq. Sadəcə, Ali Baş Komandanın əmrini gözləyirik ki, məsləhət görərsə, bizi də Orduya cəlb etsin. Biz idman aləmində həm düşmənə, həm digər rəqiblərə qarşı mübarizə aparıb bayrağımızı qaldırırıq, əsgərlərimiz də səngərdə bunu edirlər. Onlara bildirdik ki, siz bizə idmanda kömək edə bilməzsiniz, amma biz sizinlə çiyin-çiyinə vuruşa bilərik. Daha sonra yaralı əsgərlərə baş çəkdik. Bizi görəndə çox sevindilər. Eləsi var idi ki, yerindən qalxmamalı olduğu halda durmaq istəyirdi. Təbii ki, buna imkan vermədik. Çünki onlara indi istirahət lazımdır ki, tez sağalsınlar.

- Qeyd etdiniz ki, cəbhə bölgəsinə yollanmamışdan əvvəl Orduya yardım etmisiniz. Yəqin ki, pul köçürməsi olub...

- Bəli. Rafaellə birlikdə hərəyə 2 500 manat vəsait köçürmüşdük.

- Ordumuzda ümumi əhval-ruhiyə necə idi?

- Hərbçilərimizi görəndə qürur duyduq. Hamısı qələbə eşqi ilə alışıb-yanır. Bunu gözlərinə baxanda da görmək olurdu. Hamısının üzündə zəfər sevinci, nur var. Hər biri işğala son qoymaq üçün vuruşmağa, şəhid olmağa hazırdır.

- Əsgərlər sizi görəndə seviniblər. Bəs siz orada olarkən hansı hissləri keçirdiniz?

- Əsgərlərin qarşısında dayanıb söz demək çox həyəcanlıdır. Ordumuzla fəxr etdik. Doğrudan da orada olmaq başqa hissdir. Bu, televizorda, telefonda baxmaqdan tamamilə fərqlənir. Şükürlər olsun, Orduda əhval-ruhiyyə yüksəkdir. Hamısı deyir ki, torpaqlarımızı azad edəcəyik. İnanıram ki, bu istəklə qələbə bizim olacaq.

- Əsgərlərimizdə bu ruh yüksəkliyini görəndən sonra könlünüzdən əlinizə silah alıb vuruşmaq keçdimi?

- Bu istək hər zaman var. Hamımız silaha sarılıb cəbhəyə yollanmağa hazırıq.

 

"Report"