Həndbol komandalarımızın rəqibləri müəyyənləşib
Avstriyanın Vyana şəhərində qadın həndbolçular arasında Avropa Kubokları yarışlarının püşkatma mərasimi keçirilib.
Sportline.az-a Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, Mingəçevirin “Nur” komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku yarışında İsveçin “Luqi HK”, Bakının “Azəryol” klubu isə “Çağırış Kuboku” (“Challenge Cup”) turnirində Lüksemburq təmsilçisi “HB Dudelanj”la qarşılaşacaq.
EHF kuboku yarışlarında 54 komanda iştirak edəcək. Azərbaycan təmsilçisi birinci təsnifat mərhələsindən yarışa qoşulacaq. İlk mərhələnin qarşılaşmaları sentyabrın 9-10-da, cavab oyunları bir həftə sonra keçiriləcək.
Otuz dörd komandanın yarışacağı “Challenge Cup” turnirinin ilk matçları oktyabrın 14-15-də, cavab qarşılaşmaları isə bir həftə sonra baş tutacaq. Bakı klubu mübarizəyə üçüncü təsnifat mərhələsindən qoşulacaq. Üçüncü mərhələnin görüşləri noyabrın 11-12-də və 18-19-da olacaq.