Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar olub
Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
Sportline.az xəbər verir ki, günün ilk oyununda kişilərdən ibarət “U-18 İdman Akademiyası” və “Bakı” komandaları üz-üzə gəliblər. Gərgin və maraqlı mübarizə ilə yadda qalan görüş “Bakı”nın qələbəsi ilə nəticələnib – 27:22.
“Gənclərbirliyi” – “Məhsul” görüşü də maraqlı idman mübarizəsi şəraitində keçib. İlk hissəni 13-12 hesablı üstünlüklə bitirən “Məhsul” təşəbbüsü sonadək qoruya bilməyib. Fasilədən sonra vəziyyəti dəyişməyi bacaran “Gənclərbirliyi” 28-24 hesabı ilə qalib gəlib.
“U-16” – “Təhsil” qarşılaşmasında nominal qonaqların imkanlarını yüksək qiymətləndirənlər yanılmayıblar. Rəqibin ciddi müqavimətinə baxmayaraq oyun “Təhsil”in qələbəsi ilə yekunlaşıb - 35:33.
Kişilərdən ibarət komandaların çempionatında 8 xalla “Bakı” liderlik edir. “U-18 İdman Akademiyası” və “Təhsil”in hərəyə 5 xalı var. “U-16” 3 xalla 4-cüdür. “Gənclərbirliyi”nin 2, “Məhsul”un 1 xalı var.
Qadın həndbolçuların yarışında iki qarşılaşma olub. “Azərsu” - “Qarabağ” matçının ilk hissəsindən təşəbbüsə yiyələnən “Qarabağ” fasiləyədək əldə etdiyi üstünlüyü ikinci hissədə daha da möhkəmləndirərək inamlı qələbə çalıb – 36:10
“İdman Akademiyası” – “Azəryol” görüşündə də nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un tam üstünlüyü şəraitində keçən oyun 18-43 hesabı ilə başa çatıb.
Qadınların mübarizəsində 3 oyundan 6 xalla “Azəryol” liderdir. “Qarabağ” 4 xalla ikincidir. “İdman Akademiyası” ilə “Azərsu”nun hərəyə 1 xalı var.
Çempionatın aprelin 9-da keçiriləcək növbəti turunda “Məhsul” – “Bakı”, “Qarabağ” – “İdman Akademiyası”, “U-18 İdman Akademiyası” – “Təhsil”, “Azərsu” – “Azəryol” və “Gənclərbirliyi” - “U-16” oyunları olacaq.