Həndbol üzrə Azərbaycan kubokuna start verildi
Qadın həndbolçuların Azərbaycan kuboku turnir başlanıb.
Sportline.az xəbər verir ki, “ABU Arena”da keçirilən yarışın ilk oyun günündə “Azərsu” “Azəryol”la, “Qarabağ” isə “İdman Akademiyası” ilə qarşılaşıb.
Turnirin açılış matçı daha böyük maraqla gözlənilirdi. Söhbət təbii ki, “Azərsu” ilə, ölkə çempionatının lideri “Azəryol”un görüşündən gedir. Bu oyunda əksəriyyət nominal qonaqların qələbəsinə inansa da, mülahizələr doğrulmayıb. Kifayət qədər gərgin mübarizə ilə yadda qalan qarşılaşmada “Azərsu” komandası qələbə qazanmağı bacarıb – 27:26.
Günün ikinci görüşündə isə gözlənilməz nəticə qeydə alınmayıb. Oyunun şəksiz favoriti sayılan “Qarabağ”, “İdman Akademiyası” komandasına asanlıqla qalib gəlib – 35:20.
Qadın həndbolçuların kubok yarışının növbəti oyunları yanvarın 22-də keçiriləcək. Həmin gün, “Azəryol” “Qarabağ”la, “İdman Akademiyası” “Azərsu” ilə qarşılaşacaq.
Yanvarın 18-də isə, kişi həndbolçuların ölkə kuboku turnirinin ikinci görüşləri olacaq. Söhbət U-18 – “Təhsil” və “Məhsul” – “Bakı” matçından gedir.
Qeyd edək ki, yarışın yarımfinal mərhələsi aprel ayına təyin olunub. Qalib komandaların adına isə, mayın 2-də keçiriləcək həlledici görüşlərdə aydınlıq gətiriləcək.