Həndbol üzrə Azərbaycan kubokuna start verilib

ABU Arenada keçirilən Azərbaycan kuboku turnirində, iştirakçılar əvvəlcə qrup mərhələsində qüvvələrini sınayırlar.

Sportline.az xəbər verir ki, budəfəki yarışda 5 qadın, 4 kişi komandası qələbə uğrunda mübarizə aparır. Artıq ilk oyunlar arxada qalıb.

Qadınların turnirinin açılış matçında  “Qarabağ” və “İdman Akademiyası” kollektivləri üz-üzə gəliblər. İmkanları daha yüksək qiymətləndirilən “Qarabağ” gözlənildiyi kimi görüşü qələbə ilə başa vurub – 37:25.

Kişi həndbolçuların yarışında isə, ilk oyun günü iki qarşılaşma olub. U-16 – “Məhsul” görüşündə nominal meydan sahiblərinin uduzacağı şübhə doğurmurdu. Daha təcrübəli rəqibin həmlələrinə tab gətirə bilməyən yeniyetmə həndbolçular,  böyük hesablı məğlubiyyətlə barışıblar – 21:41.

Yarışın digər favoriti -  “Bakı” da turnirə qələbə ilə başlayıb. Paytaxtın eyni adlı komandasının, “Təhsil” kollektivi ilə görüşü gərgin mübarizə ilə yadda qalıb. İmkanlardan daha səmərəli faydalanan “Bakı” 40:30 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, qrup mərhələsinə dekabrın 16-sında yekun vurulacaq.

Azərbaycan kubokunun yarımfinal və final görüşləri isə, gələn ilin mart ayında təşkil olunacaq.