Həndbol üzrə zona yarışına yekun vurulub
Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə həndbol üzrə Azərbaycan birinciliyinin daha bir zona yarışına yekun vurulub.
AHF-dən Sportline.az-a verilən məlumata görə, Lənkəran Olimpiya İdman Kompleksində keçirilən yarışa yerli həndbolçularla yanaşı Cəlilabad, Biləsuvar və Yardımlı rayonlarının 2008 və ondan kiçik təvəllüdlü oğlanlardan ibarət komandaları qatılıb. Açılış mərasimində iştirakçıları salamlayan AHF-nin İdman Şöbəsinin müdiri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov onları Növruz bayramı münasibəti ilə təbrik edib. Bu cür yarışların bölgələrdə həndbolun inkişafına təkan verəcəyini deyən təcrübəli mütəxəssis komandalara uğurlar arzulayıb. AHF tərəfindən idman geyimləri və toplar hədiyyə olunduqdan sonra yarışa start verilib.
Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən Cəliladab həndbolçuları yarışın qalibi adına layiq görülüblər. Biləsuvar komandası ikinci, Lənkəran kollektivi üçüncü yeri tutub. Reqlamentə əsasən Cəlilabad komandası iyun ayında Bakıda keçiriləcək respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.