Həndbol yarışlarına yekun vurulub

Şağan Olimpiya İdman Kompleksində  2006-2008-ci il təvəllüdlü oğlanlar  arasında həndbol üzrə Azərbaycan birinciliyi  və 2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə qızlar arasında 28 may - Müstəqillik Gününə həsr olunmuş Bakı şəhər birinciliyinə yekun vurulub.

Sportline.az xəbər verir ki, yarışın son günündə keçirilən oyunlarda oğlanlardan ibarət “Bakı-1” “Bakı-2” komandasını 26:8, “Gəncə” “Bakı-3” komandasını 26:18 hesabı ilə məğlub edib. Digər görüşlərdə “Bakı-2” “Bakı-3”ə 19:9, “Bakı-1” “Mingəçevir”ə 24:16 hesabı ilə qalib gəlib.

Qızların yarışında isə 2 saylı İOEUGİM 6 saylı İOEUGİM-2 komandası üzərində qələbə çalıb – 14:9.

Nəticələrə əsasən, “Bakı-1” komandası 2006-2008-ci il təvəllüdlü oğlanlar  arasında həndbol üzrə Azərbaycan birinciliyinin qalibi adını qazanıb. İlk üçlüyü “Bakı-2”  və “Gəncə” komandaları qapayıblar.

2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə qızlar arasında 28 may - Müstəqillik Gününə həsr olunmuş Bakı şəhər birinciliyi isə, 2 saylı İOEUGİM kollektivinin qələbəsi ilə yekunlaşıb. 2-ci-3-cü yerləri müvafiq olaraq 6 saylı İOEUGİM-1 və 6 saylı İOEUGİM-2 komandaları tutublar.

Bağlanış mərasimində qalibləri təbrik edən Azərbaycan Həndbol Federasiyasının İdman Şöbəsinin müdiri İskəndər Əsgərov onlara qarşıdakı yarışlarda da uğurlar arzulayıb. Federasiyanın baş katibi Yusif Atakişiyev, həmçinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyevin də qatıldığı mükafatlandırma mərasimində idmançılara diplom, medal və hədiyyələr təqdim olunub.