Həndbolçular yeni mövsümə hazırlaşırlar
Koronavirus pandemiyası ilə əlaqədar qapalı idman qurğularında məşqlərə və yarışlara qadağa tətbiq olunduğundan idmançılar açıq məkanlarda hazırlığı davam etdirirlər.
Sportline.az xəbər verir ki, bu səbəbdən Həndbol üzrə ölkə çempionatlarına da hələ ki, start verilməyib. Komandalarımız Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda yeni mövsümə hazırlıq prosesi keçirlər. Sentyabr ayından başlanan məşqlərdə 8 komanda iştirak edir. Qadınlardan ibarət “Azəryol”, “Azərsu”, “Qarabağ” və “İdman Akademiyası”, kişilərdən ibarət “Məhsul”, “Təhsil”, “Bakı” və U-18 komandaları həftədə bir neçə dəfə məşqə çıxırlar. Məqsəd ölkə çempionatının startınadək idmançıların fiziki və taktiki bacarıqlarının lazımı səviyyəyə çatdırılmasıdır.
İşğal altında olan torpaqlarımız uğrunda gedən Vətən müharibəsində ordumuzun qazandığı qələbələr, bütün idman ictimaiyyəti kimi həndbolçularımızı da ruhlandırıb. Onlar da, müzəffər Azərbaycan ordusuna dəstəklərini ifadə ediblər - "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"