Həndbolçularımız beynəlxalq turnirə hazırlaşırlar
Kişilərdən ibarət həndbol millimizin təlim məşq toplanışı davam edir.
Azərbaycan Həndbol Federasiyasından Sportline.az saytına verilən məlumata görə, seçmə komandamız iyun ayında Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq mötəbər yarışa hazırlaşır. Söhbət Avropa Həndbol Federasiyasının Trofi turnirindən gedir. Komandamız yarışa yüksək səviyyədə hazırlığı təmin etmək məqsədi ilə həftədə 5 dəfə məşq edir.
Baş məşqçi Vidadi Əliyevin rəhbərliyi ilə keçirilən toplanışa 17 həndbolçu dəvət olunub. Seçmə komandamız aprelin 30-dək Bakıda davam edəcək məşqlərlə kifayətlənməyəcək. Mayın 6-dan 21-dək Gürcüstanda təlim-məşqə qatılacaq milli, həmin toplanış çərçivəsində keçiriləcək beynəlxalq turnirdə də qüvvəsini sınayacaq. Xatırladaq ki, bütün bunlar iyun ayında Tbilisidə təşkil olunacaq Trofi turnirində ölkəmizi layiqincə təmsil etmək məqsədi daşıyır.