Həndbolçularımız İslamiadaya hazırlığı davam etdirirlər
Həndbol üzrə kişi və qadınlardan ibarət seçmə komandalarımızın təlim–məşq toplanışı davam edir. Sportline.az-a Azərbaycan Hənbol Federasiyasından verilən xəbərə görə, “ABU Arena”da gündə iki dəfə olmaqla keçirilən hazırlıq prosesində hər komandaya əvəzedicilər ilə birlikdə 20 idmançı qatılıb. Mayın 5-dək davam edəcək təlimlər eyni zamanda seçim xarakterlidir. Məqsəd mayda başlanacaq IV İslam Həmrəyliyi Oyunlarında daha güclü komanda ilə təmsil olunmaqdır.
Toplanış dövründə qadın həndbolçularımız Rusiyanın “Rostov2”, kişi hənbolçular isə, Ukraynanın “Şaxtyor” komandaları ilə yoxlama oyunları keçirəcəklər. Rusiya təmsilçiləri artıq paytaxtımızdadırlar.
Bu təlim-məşq toplanışı IV İslam Həmrəyliyi Oyunları ərəfəsində sonuncu hazırlıq tədbiridir. Xatırladaq ki, qadınların yarışına 5 komanda qatılacaq. Azərbaycan, Türkiyə, Kotdivuar, Kamerun və Özbəkistan seçmələri dairəvi sistem üzrə mübarizə aparacaq. İlk iki yeri tutan millilər yarışın qalibini müəyyənləşdirəcəklər. 3-cü, 4-cü pillələrin sahibləri isə, bürünc mükafat uğrunda görüşə çıxacaqlar.
Kişilərin yarışında 8 komanda iki qrupda bacarığını göstərəcək. Millimizin A kvartetindəki rəqibləri Əlcəzair, Səudiyyə Ərəbistanı və Pakistan həndbolçularıdır. Qeyd edək ki 2015-ci il İslam oyunlarının finalında Səudiyyə Ərəbistanı komandasına qalib gələn Əlcəzair hənbolçuları çempion adını qazanmışdılar. Bu cür rəqiblərlə mübarizədə ilk iki pillədən birində qərarlaşmaq çətin vəzifə sayılsa da komandamız tapşırığın öhdəsinən gəlmək əzmindədir.