Henninq Berq: "Bu cür gözəl qolları çox görmürük"
“Omoniya”nın baş məşqçisi Henninq Berq Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”la heç-heçə (2:2) etdikləri oyundan sonra mətbuat konfransı keçirib.
- Çətin rəqibə qarşı çıxış etdik. “Qarabağ” güclü komandadır. Yaxşı oyun alındı. “Qarabağ” qrup birinciliyi üçün mütləq qalib gəlməli idi. Rəqib çox təzyiq göstərdi. Buna görə oyunu müdafiədən qurduq. Bir sıra qol epizodlarımız oldu. Komandamın oyunundan razıyam. İkinci qolumuz gözəl alındı. Bu cür gözəl qolları çox görmürük. Sonuncu dəfə PSV ilə görüşdə belə qol yadıma gəlir.
- Hakim idarəçiliyi barədə şərh verə bilərsiniz?
- Hakimlər haqda danışmaq istəmirəm. Onlar barədə fikir söyləmək mənim işim deyil. Sadəcə, ikinci sarı vərəqə epizodunu dəqiq görə bilmədim. Hakimin işini normal qiymətləndirirəm.
- Həm “Bazel”, həm də “Qarabağ”ın gücünə bələdsiniz. Qrup birinciliyinə hansı komandanı layiq görürsünüz?
- Şadam ki, hər iki komandadan səfərdə xal almışıq. “Bazel”lə ilk görüşdə qələbə qazana da bilərdik. “Qarabağ”la ilk görüşdə də açıq futbol oynadıq, buraxılan ikinci qoldan sonra hər şey dəyişdi. Hər iki komandanı güclü hesab edirəm.
- Heyətdə 10 dəyişiklik nə dərəcədə doğru idi?
- Bəzən bu cür dəyişikliklər edirik. Çünki bütün futbolçuların oyun ritmində olmasını istəyirik. Bu gün meydanda olan futbolçular gözləmədiyim halda daha yaxşı çıxış etdilər, bir-birlərini əla başa düşdülər.
- Vurulan ikinci qolu komandanızın ifasında tez-tez görə bilərikmi?
- Normalda qapıçı irəli çıxanda oyunçu bundan yararlanır. Hər zaman alınmasa da, bu dəfə baxımlı qol alındı. Qapıçının irəli çıxması futbolçunun zərbə vurmasına gətirib çıxardı.