"Hər il Azərbaycan çempionatında yeni velosipedçilər üzə çıxır"
Velosiped üzrə Azərbaycan seçmə komandasının və "Synegy Baku"nun üzvü Elçin Əsədov növbəti dəfə Azərbaycan çempionu adına layiq görülüb. Təcrübəli idmançı yarış haqda təəssüratlarını SportLine.az saytı ilə bölüşüb.
Sevincini gizlətməyən sprinter, "Bu növdə 10-cu qələbəmdir. Hər dəfə mübarizə daha da gərgin olur. Sevinirəm ki, əziyyətimin bəhrəsini gördüm", - deyib.
Yarışın səviyyəsinin ilbəil daha da artdığını deyən E.Əsədov perspektivli idmançıların üzə çıxarılması baxımından Azərbaycan çempionatının mühüm əhəmiyyət daşıdığını qeyd edib: "Velosiped idmanı ölkəmizdə sürətlə inkişaf edir. Bu idman növünə göstərilən qayğı bəhrəsini verməkdədir. Hər il Azərbaycan çempionatında yeni velosipedçilər üzə çıxır. Bu il də 60 oğlan və 10 qız öz çıxışı ilə diqqət çəkdi. Təbii ki, buna yalnız sevinmək olar. Azərbaycanda bu idman növünün parlaq gələcəyinə inanıram".
Tural Xudiyev
Velotur | SportLine.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir