Hikmət Hacıyev: "Bu mükafat mənim üçün böyük fəxrdir"
17-21 May tarixində Türkiyənin İstanbul şəhərində Kikboksinq üzrə WAKO Dünya Kuboku turniri keçirilib.
Sportline.az xəbər verir ki, gərgin və maraqlı keçən döyüşlərin ardından Azərbaycan milli komandası bu turnirdə ümumilikdə 51 medal (13 qızıl, 16 gümüş, 22 bürünc) qazanaraq turniri başa vurub.
Turnirdə WAKO Federasiyanın prezidenti Roy Baker və WAKO Federasiyasının vitse prezidenti Salim Kayıcı tərəfindən gənclər və yeniyetmələrdən ibarət milli komandanın və Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin baş məşqçisi, Əməkdar məşqçi Hikmət Hacıyev "Ən yaxşı baş məşqçi" fəxri mükafatına layiq görülüb.
Hikmət Hacıyev saytımıza açıqlamasında təəssüratlarını bölüşüb: "Bu mükafat mənim üçün böyük fəxrdir. Azərbaycanı layiqincə təmsil etdiyimə görə çox sevinirəm. Bu mükafat Azərbaycan Kikboksinq Federasiyasının əziyyətinin bəhrəsidir. Hər kəsə təşəkkürümü bildirirəm".
Növbəti aylarda kikboksinq üzrə milli yığma komanda Misirdə, Portuqaliyada və Türkiyədə keçiriləcək beynəlxalq səviyyəli turnirlərdə öz gücünü sınayacaq.