"İlk gündəcə kapitanımız Rəşad Sadıqov zəng etdi və..."
"Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin "Report"a müsahibəsi
- Karantin günlərini necə keçirirsiniz?
- Düzü, idmançı həyatını nəzərə alsaq, çox darıxdırıcıdır. Hamı bilir ki, hər gün saatlarla məşq edirdik. Oyunlarımız, təlim məşq toplantıları olurdu. İndi isə evin içindəyik, çox darıxıram.
- Hobbiləriniz nədən ibarətdir: Hansı filmlərə baxırsınız, kitab oxuyursunuzmu?
- Baxılası film də qalmayıb (gülür). Məcburiyyətdən evdəkilərin baxdığı seriallara baxıram. #evdəqal həştəqinin bütün tələblərinə əməl edirəm.
- "Qarabağ" Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edən ilk klubdur. Bu barədə nə deyə bilərsiniz?
- İlk gündəcə kapitanımız Rəşad Sadıqov zəng etdi və yardım etməyin lazım olduğunu söylədi. Komandada hər kəs can-başla öz üzərinə düşəni etdi. Bu, bizim borcumuzdur.
- Çempionatın ləğvi gündəmdədir. Mövsüm ləğv olunsa və hazırkı pillələr üzrə avrokuboklara vəsiqə verilsə, ədalətli qərar olarmı?
- Əlbəttə. Əslində çempionatın ləğv olunmasını istəməzdim. Amma belə bir qərar verilsə, hesab edirəm ki, "Qarabağ"ın çempionluğu tam ədalətli olacaq və heç kimin haqqına girmiş olmayacağıq. Ardıcıl 6 dəfə çempionluq təsadüfi ola bilməz. Hər halda, liqanı oynayaraq başa çatdırsaq, sevinərəm.
- Düşünmürsünüz ki, oyun praktikasının olmaması ən çox hücumçunun ziyanınadır? Çünki qol vurmaq vərdişlərini itirmiş ola bilər...
- Oyun praktikasının olmaması bütün futbolçuların ziyanınadır. Bir neçə aylıq fasilə peşəkar futbolçuya təsir etməməlidir. Təbii ki, çempionat başlayandan 2-3 matç sonra hər kəs öz formasını bərpa edəcək. Nəzərə alaq ki, hər gün evdə məşq edirik. Ən azından texniki olmasa da, fiziki gücümüzü qorumağa çalışırıq.
- Azarkeşlərin ölkə xaricində çıxışını görmək istədiyi oyunçulardansınız. Artıq legioner həyatı yaşamağın vaxtı deyilmi?
- Bu sual mənə tez-tez verilir. Hər futbolçu legioner həyatı yaşamaq istəyir. Amma bir yerə getmək xətrinə çıxıb getmək istəmirəm. Hər dəfə təklif olanda baş məşqçi Qurban Qurbanovla, kapitanımla, menecerimlə, ailəmlə məsləhətləşir, müzakirələr aparırıq. Hesab edirəm ki, ən doğru qərarı birlikdə verəcəyik.
- İspaniya, Türkiyə və Fransa kimi ölkələrin ikinci liqalarında oynamaq istərdiniz?
- Karyeramın yüksəlişinə qatqısı olan hər bir klubda oynamağa hazıram. Xeyirlisi nədirsə, o da olacaq.