İngiltərə Premyer Liqası İTV-də

Futbol üzrə İngiltərə Premyer Liqasının 2021/22 mövsümü Azərbaycanda İctimai Televiziya vasitəsi ilə yayımlanacaq.

Sportline.az xəbər verir ki, bu haqda telekanalın yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, Premyer Liqada mərkəzi oyunların İTV-də yayımlanması barədə razılıq əldə olunub.  Anlaşmaya əsasən hər turun 2 mərkəzi qarşılaşması İctimai Televiziya vasitəsilə canlı yayımda futbol azarkeşlərinə təqdim olunacaq.

Beləliklə, bu həftənin şənbə günü, oktyabrın 2-si saat 15:30-da başlayacaq “Mançester Yunayted” – “Everton” və bazar günü saat 19:30-dan başlayacaq “Liverpul” - “Mançester Siti” oyunları İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.