Kayak və kanoeçilərimiz dünya çempionatı ilə erkən vidalaşdılar
Belarusun paytaxtı Minskdə yeniyetmələr və 23 yaşadək kayakçı və kanoeçilər arasında təşkil olunan dünya çempionatında bu gün yarımfinal yürüşləri keçirilib. SportLine.az "Report"a istinadən xəbər verir ki, Azərbaycanın 3 təmsilçisi start xəttinə çıxıb.
Yeniyetmə kanoeçilərin mübarizəsində Mixail Bıxkalo 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə finişə 48,874 saniyəyə çataraq, sonuncu yeri tutub. O, macarıstanlı Konrad Nemedi (44,995), çexiyalı Petr Fuksa (45,119), litvalı İlya Davidovski (45,495), slovakiyalı Yakub Lutas (45,777), almaniyalı Morits Adam (45,852), meksikalı Gilyerme Quirino Medrano (46,084), polşalı Yakub Brodka (46,715) və filippinli Ojay Fuentesdən (47,352) geri qalıb. İlk 3 yerin sahibləri əsas finala, 4 - 6-cı yerləri tutanlar B finalına (10 - 18-ci yerlər) vəsiqə qazanıb. Qalan pillələrin sahibləri, o cümlədən, Bıxkalo mübarizəni dayandırıb.
23 yaşadək kayakçıların mübarizəsində Tamerlan Mustafayev 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yarımfinal yürüşündə finişə 40,038 saniyəyə çataraq, 8-ci yeri tutub. Yalnız tacikistanlı Abdusattor Qafurovu (43,012) keçməyə müvəffəq olan 22 yaşlı idmançı macarıstanlı Balaj Birkaş (36,185), belaruslu Dmitri Tretyakov ((37,003), belçikalı Conatan Delomberde (37,325), portuqaliyalı Uqu Roxa (37,754), sinqapurlu Vey Çenq Brendon Uy (39,121), yeni zelandiyalı Karl Makmurtri (39,209) və qırğızıstanlı Kirill Bondardan (39,792) geri qalıb. İlk 2 yerin sahibləri və 3-cü yeri tutanlar arasında ən yaxşı nəticə göstərən idmançı əsas finala, 3-4-cü yerlərin sahibləri və 5-ci yeri tutanlar arasında 2 ən yaxşı göstəriciyə malik olanı B finalına (10 - 18-ci yerlər), 5 - 6-cı yerlərdə qərarlaşanlar və 7-ci yeri tutanlar arasında 3 ən yaxşı nəticəyə imza atan şəxslər C finalına (19 - 27-ci yerlər) yüksəliblər. Beləliklə, Mustafayev də mübarizəni yarımfinalda dayandırıb.
Nəhayət, 23 yaşadək kanoeçilərin 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yarımfinal yürüşündə Nikita Sablin finişə 43,460 saniyəyə çataraq, 7-ci olub. O, tailandlı Fanufonq Jiranaronqçay (45,816) və latviyalı Boris Lonskini (46,502) üstələsə də, qazaxıstanlı Sergey Yemelyanov (41,268), portuqaliyalı Tyaqu Tavareş (41,481), italiyalı Nikolae Krakyun (41,546), iranlı Adil Mojallalimoğadam (42,164), filippinli Ermi Makaranas (42,945) və almaniyalı Anton Reqoriusdan (43,090) geri qalıb.
Reqlamentə əsasən, ilk 3 yeri tutanlar əsas finala, sonrakı 3 yeri tutanlar B finalına (10 - 18-ci yerlər) vəsiqə qazanıblar. Bu səbəbdən, Kupin də mübarizəni dayandırmalı olub.
Beləliklə, iyulun 31-də keçiriləcək son yürüşlərdə Azərbaycanın heç bir təmsilçisi mübarizə aparmayacaq.