"Kayrat"ın məşqçisi "Spartak"a keçib

Qazaxıstanın "Kayrat" klubunun fiziki hazırlıq üzrə məşqçisi Vadim Borovski Rusiya "Spartak"ına keçib.

Sportline.az Almatı təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı mütəxəssis Moskva komandasının məşqçilər heyətinə daxil edilib. Onun yeni vəzifəsi açıqlanmayıb.

Borovski oyunçu karyerasını bitirdikdən sonra "Kayrat"da 5 ilədək çalışıb. O, futbolçu qismində Karaqanda "Şaxtyor"u ilə iki dəfə Qazaxıstan çempionluğu, ölkə kuboku və Superkubok qazanıb. Keçmiş yarımmüdafiəçinin aktivində "Alma-Ata" və "Atırau"da əldə etdiyi ölkə kuboku da var.

Qeyd edək ki, "Kayrat" UEFA Konfrans Liqasında "Qarabağ"la eyni qrupda yer alıb. İki komanda arasındakı hər iki görüşdə Azərbaycan təmsilçisi eyni hesabla qalib gəlib - 2:1. Hazırda Almatı komandası 1 xalla qrup sonuncusudur.