"Kayrat"ın ulduz futbolçusu "Qarabağ"a qarşı oynamayacaq
Qazaxıstanın "Kayrat" klubu Bakıda "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyununa ciddi itki ilə çıxacaq.
Sportline.az "Vesti.kz" saytına istinadən xəbər verir ki, bu barədə yerli jurnalist Aydın Kojahmet bildirib.
Onun sözlərinə görə, braziliyalı hücumçu Vaqner Lav topuq nahiyəsindəki zədə səbəbindən meydana çıxmayacaq. Təcrübəli forvard XXIV turda səfərdə "Aktobe"yə 2:1 hesabı ilə qalib gəldikləri qarşılamanı da buraxıb.
Daha əvvəl Almatı təmsilçisində erməni futbolçu Kamo Ohanesyanın Bakıya gəlməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" görüşü saat 20:45-də başlanacaq.