Kişi həndbolçuların Azərbaycan çempionatı davam edir
Kişi həndbolçuların Azərbaycan çempionatında fasilə başa çatıb.
Sportline.az xəbər verir ki, 10-cu turun ilk görüşündə “Məhsul” və “Təhsil” komandaları üz-üzə gəliblər. Meydançaya qələbə üçün çıxan nominal ev sahibi tapşırığı yerinə yetirməyi bacarıb. İlk dəqiqələrdən üstünlüyü ələ alan “Məhsul” matçı qələbə ilə başa vurub – 33:24.
Günün digər oyununda “Bakı” U-18 komandasını sınağa çəkib. Bu qarşılaşma da, imkanları yüksək qiymətləndirilən kollektivin üstünlüyü şəraitində keçib. U-18 çox çalışsa da, rəqibin kəsərli həmlələrini zərərsizləşdirə biməyib. Daha inamlı oyun nümayiş etdirən “Bakı” azarkeşlərinin etimadını doğruldub – 35:22.
Növbəti qələbəsini qazanan “Məhsul” komandası 18 xalla çempionatın vahid lideridir. “Bakı” ondan iki xal geri qalır. Üçüncü pillənin sahibi “Təhsil”in aktivində 3 xal var. U-18 1 xalla yarış cədvəlinin autsayderidir.
Fevralın 15-inə təyin olunan 11-ci turda, azarkeşlər “Bakı” - “Məhsul” “Təhsil” – U-18 görüşlərinin şahidi olacaqlar.
Fevralın 12-də isə qadın həndbolçuların ölkə çempionatında növbəti oyunlar keçiriləcək. Həmin gün “Qarabağ” “Azəryol”la,
“Azərsu” “İdman Akademiyası” ilə üz-üzə gələcək.