Kloppla jurnalistin “söz davası” – “Üzr istəməlisiniz!”

“Liverpul”un baş məşqçisi Yurgen Kloppla bir jurnalist arasında söz atışması yaranıb.

Sportline.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə dünən “Portu”ya qarşı keçirilən Çempionlar Liqasının oyunundan (2:0) sonra baş verib.

Tərəflər arasında belə bir dialoq olub:

Jurnalist: Salam, Yurgen. Ötən mətbuat konfransında siz Afrika Millətlər Kubokunu kiçik turnir adlandırdınız. Fikrimcə, bu sözlərizdən Afrikadakı azarkeşlər, futbolçular və sadə insanlar inciyib. Məncə, siz bütün qitədən üzr istəməlisiniz.

Klopp: Stop, stop, stop. Mən bunu nəzərdə tutmurdum. Düzü, anlamıram ki, siz niyə belə hesab edirsiniz. Mənim həmin yarışı kiçik turnir və ya Afrikanı kiçik qitə adlandırmaq kimi bir niyyətim olmayıb. Əgər siz bütün mətbuat konfransına baxsanız, hər şeyi yaxşı başa düşəcəksiniz. Mən sadəcə onu nəzərdə tutmuşam ki, marta qədər hər hansı pauza olmayacaq. Və əlavə etdim ki, yanvarda böyük olmayan turnir keçiriləcək. Mən bu turniri kiçik adlandırmamışam. Sadəcə dedim ki, belə turnir olacaq. Bu, ironiya idi. Bu, bütün hallarda turnirdir. Böyük turnirdir. Buna görə də biz ən yaxşı oyunçularımızı itiririk.

Jurnalist: Siz Avropa haqda belə deməzdiniz. Buradakı yarışı kiçik turnir adlandırmazdınız.

Klopp: İngilis dili mənim doğma dilim deyil. Amma əgər siz məni səhv başa düşmək istəyirsinizsə, bunu həmişə edə bilərsiniz. Mən bilirəm ki, heç vaxt belə fikirləşmərəm. Başa düşmürəm, sizdə niyə belə fikir yaranıb. Bu, normal deyil.