Komandamız Serbiyada çempion oldu

"Synergy Baku" kontinental velosiped komandası Beynəlxalq Velosipedçilər İttifaqının nüfuzlu Serbiya Turunu uğurlu nəticə ilə başa vurub. 21 kollektivin iştirak etdiyi 6 günlük yarış bizim üçün 2 qat çempionluqla yadda qalıb.

Məsələ burasındadır ki, "Synergy Baku" Serbiyada həm komanda hesabında çempion olub, həm də velosipedçimiz Matey Müqerli ümumi təsnifatın qalibi adını qazanıb. Yarışın 3-cü mərhələsinin qalibi olmaqla ümumi təsnifatda liderliyə yüksələn Müqerli bu üstünlüyünü sonadək qoruyub və bununla da "Tour of Serbia"nın ən yaxşı velosipedçisi üçün nəzərdə tutulan "sarı köynəyi" əldə edib. Yeri gəlmişkən, ümumi təsnifatda "Synergy Baku"nun digər üzvü Matiya Kvasina 3-cü olub. Adları çəkilən velosipedçilərimiz müvafiq olaraq ən yaxşı sprinterlər və ən yaxşı dağ velosipedçilərinin mübarizəsində isə 2-ci nəticə göstəriblər. Komanda hesabına gəlincə, "Synergy Baku" Serbiyada uğurlu çıxışla mövsümdə 3-cü çempionluq sevinci yaşayıb. Xatırladaq ki, komandamız bunadək apreldə "Tour of Croatia", mayda isə "Tour d’Azerbaïdjan" yarışlarında birinci yeri tutmuşdu.