Konfrans Liqası: "Qarabağ" "Fənərbağça" və "Seltik"lə qarşılaşa bilər
UEFA Konfrans Liqasının qrup mərhələsindən çıxmağı təmin edən "Qarabağ"ın pley-offdakı mümkün rəqiblərindən ikisinin adına aydınlıq gəlib.
Sportline.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi VI turda İsveçrədə "Bazel"ə qalib gələ bilməsə, pley-offda oynayacaq və Avropa Liqasının qrup mərhələlərində III yeri tutan komandalardan biri ilə görüşəcək.
Burada Türkiyənin "Fənərbağça" və Şotlandiyanın "Seltik" klubları müvafiq olaraq D və G qruplarında üçüncü yeri tutublar.
Daha 6 qrupda üçüncü yeri tutacaq komandalar sonuncu - VI turda bəlli olacaq. Artıq Avropa Liqasında Almaniyanın "Ayntraxt" (Frankfurt) və "Bayer" (Leverkuzen), Fransanın "Lion" və "Monako", İngiltərənin "Vest Hem", İspaniyanın "Betis", İtaliyanın "Latsio", Şotlandiyanın "Reyncers", Yunanıstanın "Olimpiakos" və Türkiyənin "Qalatasaray" komandaları növbəti mərhələyə vəsiqəni təmin edib. Onların heç biri "Qarabağ"a rəqib olmayacaq.
"Qarabağ" Konfrans Liqasının H qrupunda 2-ci olacağı təqdirdə, pley-offda qarşılaşaca biləcəyi komandalar:
Avropa Liqasının A qrupunda "Lion" və "Reyncers" qrupdan çıxıb. Sonuncu turda "Sparta" Çexiyada Danimarkanın "Bröndbü" komandasını qəbul edəcək. Praqa təmsilçisi hazırda 4 xalla üçüncü, skandinaviyalılar isə 2 xalla dördüncü sıradadır.
B qrupunda yalnız "Monako" vaxtından əvvəl istəyinə çatıb. Niderlandın PSV (Eyndhoven) klubu VI turda İspaniyada "Real Sosyedad"ın qonağı olacaq. PSV 8 xalla ikinci, "Real Sosyedad" 6 xalla üçüncü pillədə qərarlaşıb. Avstriya "Şturm"u isə 1 xalla qrupda qalıb və Konfrans Liqasına vəsiqə şansını itirib.
C qrupunda bütün komandaların turnirdə yoluna davam etmə şansı var. "Legiya" Polşada Rusiyanın "Spartak" (Moskva) klubunu qəbul edəcəksə, İngiltərə "Lester"i İtaliyada "Napoli"nin qonağı olacaq. Britaniyalılar 8 xalla liderdir, Moskva təmsilçisi 7 xalla ikinci, eyni xala malik "Napoli" isə üçüncüdür. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də formasını geyindiyi "Legiya" 6 xalla 4-cü sıradadır. Varşavalıların qrup üçüncü olma ehtimalı yoxdur. Komanda "Spartak"a qalib gəlsə, qrupda ilk 2 yerdən birini tutacaq və yoluna elə Avropa Liqasında davam edəcək. Heç-heçə və ya məğlubiyyət isə "Legiya"nı qrupda 4-cü yerdə saxlayacaq.
E qrupunda "Qalatasaray" və "Latsio" ilk iki pillədən birini rəsmiləşdirib. Qrupda 4 xalla 3-cü olan "Marsel" Fransada 2 xalla 4-cü yerdə gedən Rusiyanın "Lokomotiv" (Moskva) klubu ilə üz-üzə gələcək. Potensial rəqib bu iki komandadan biri olacaq.
F qrupunda "Braqa" Portuqaliyada Serbiyanın "Srvena Zvezda" komandası ilə, "Lüdoqorets" isə Bolqarıstanda Danimarka "Midtüllan"i ilə görüşəcək. 1 xala malik Bolqarıstan təmsilçisi Konfrans Liqasında iştirakdan da məhrum olub. Digər üç kollektiv isə "Qarabağ"ın potensial rəqiblərindən biri ola bilər. "Srvena Zvezda" 10 xalla 1-ci "Braqa" - 9 xalla 2-ci "Midtüllan" 8 xalla 3-cüdür.
Nəhayət, H qrupunda "Vest Hem" əvvəlki turlarda mərhələ adlamağa müvəffəq olub. Sonuncu turda London təmsilçisi 6 xalla ikinci pillədə qərarlaşan Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunu qəbul edəcək. Qrupun digər oyununda isə "Genk" Belçikada Avstriyanın "Rapid" (Vyana) komandası ilə görüşəcək. Meydan sahibləri 5 xalla üçüncü, qonaqlar isə 2 xalla dördüncüdür. Hər üç komandanın Konfrans Liqasının pley-offunda iştirak şansı davam edir.
Qeyd edək ki, UEFA Avropa Liqası və Konfrans Liqasında sonuncu - VI turun qarşılaşmaları dekabrın 9-da keçiriləcək.