Kurban Berdıyev: "Azarkeşlərdən üzr istəyirəm"

"Turan Tovuz" Misli Premyer Liqasının 19-cu turu çərçivəsində "Karvan Yevlax"a 1:0 hesabı ilə qalib gəlib.

Sportline.az xəbər verir ki,"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.

Təcrübəli mütəxəssis mətbuat konfransına ötən kubok oyunundakı emosional davranışı üçün azarkeşlərdən üzr istəməklə başlayıb. O, oyunda ələ düşən fürsətləri dəyərləndirə bilmədikləri üçün sonluğun dramatik keçdiyini vurğulayıb:

"Əvvəlcə kubok oyunundakı davranışıma görə azarkeşlərdən üzr istəyirəm. Bu, emosiyalara qapılmağın nəticəsi idi. Oyuna gəlincə isə, yaxaladığımız fürsətləri dəyərləndirə bilmədik. Əgər ikinci qolu vursaydıq, matç tam bizim istədiyimiz ssenari ilə gedərdi. Məhz buna görə də oyunun son dəqiqələri dramatik alındı".

Baş məşqçi son vaxtlar qol vura bilməyən hücumçu İbrahima Vadjiyə dəstək verib və qapıçı dəyişikliyinin səbəbini əsas qolkiper Oleq Baklovun zədəsi ilə əlaqələndirib:

"İbrahima Vadji təhlükəli vəziyyətlər yaradır. Mən ona inanıram. Əminəm ki, qol vuracaq. Qapıçı məsələsinə gəlincə, Oleq Baklov zədəlidir. Kim güclü olacaqsa, o da oynayacaq".