“Rəhbərliyin nəticə tələb etməsi, məşqçilərin eqosu ciddi problemdir” – LAYİHƏ
SportLine.az saytı oxucularının görüşünə yeni layihə ilə gəlir. Bu dəfəki layihəmiz də AFFA Yanında Media Komitəsinin dəstəyi ilə həyata keçirilir. Yazılarımız bir-birindən vacib və aktual mövzuları əhatə edəcək. Yeni layihə çərçivəsində Azərbaycan futbolunun bütün sahələrində yaşanan problemlərdən bəhs etməyə çalışacaq, fərdi jurnalist araşdırması aparmaqla yanaşı, bu sahənin incəliklərini yaxşı bilən ekspertlərlə, futbol mütəxəssisləri ilə həmsöhbət olacağıq. Beləliklə, “Azərbaycan futbolu ilə bağlı bütün sahələrdə yaşanan problemlərin araşdırılması və mümkün həll yollarının göstərilməsi; futbolumuzun tarixi: heç kim və heç nə unudulmur; qadın futbolunun durumu və mövcudluq perspektivləri” adlanan layihəmizin icrasına başlayırıq.
Layihəni yerinə yetirdiyimiz müddət ərzində təkcə problemləri araşdırmaq və onların həll yollarını axtarmaqla kifayətlənməyəcək, eləcə də tarixə nəzər salacağıq, keçmişin səhifələrini sizinlə birlikdə vərəqləyəcəyik. Eyni zamanda da məhz bu layihəmizdə qadın futboluna da diqqət ayıracaq, bu sahəyə yeni bir baxış bucağından yanaşmağa çalışacağıq. Qadın futbolunun Azərbaycanda ləng inkişaf etməsinin səbəblərini axtaracaq, kütləviləşmə yolundakı əngəllər arasında mentalitetin rolunu da birlikdə öyrənəcəyik. Əminik ki, bütün bu mövzuları əhatə etməyi, oxucularımızı maraqlandıran suallara cavab tapmağı, onlara vacib informasiya çatdırmaq üçün keyfiyyətli və əhatəli yazılar hazırlamağı bacaracağıq.
Problem deyəndə yada düşənlər...
İlk yazımızda problemlərdən bəhs etmək hər nə qədər xoş olmasa da, onların varlığını inkar edə bilmərik. Ümumiyyətlə, hansı sahədə problem varsa, onları inkar etmək yox, çıxış yollarını axtarmaq və onların həllinə çalışmaq lazımdı. O cümlədən Azərbaycan futboluna münasibətdə də bu cür davranmaq vacibdir. Təsadüfi deyil ki, Qurban Qurbanov da millimizin baş məşqçisi kimi keçirdiyi ilk mətbuat konfransında problemlərdən bəhs etmiş, qarşıda onu və komandasını, eləcə də bütünlüklə futbol ictimaiyyətini çətin yolun gözlədiyini vurğulamışdı. AFFA İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandıran Qurbanov diqqətləri çox vacib məqamın üzərinə çəkməyə çalışmışdı. Millimizin yeni çalışdırıcısı vurğulamışdı ki, Azərbaycanda təkcə səviyyəli futbolçu qıtlığı yaşanmır, həm də peşəkar mütəxəssislərə böyük ehtiyac var. Sözlərinin davamında Qurban Qurbanov futbolumuzun hətta yaxşı həkimlərə, massajçılara belə ehtiyacının olduğunu bildirmişdi. Bütün bunlar Azərbaycan futbolunun acı reallıqlarıdır.
Maraqlıdır ki, U-21 və U-20 millilərimizin çalışdırıcısı Rəşad Sadıqov da müsahibələrinin birində “həyacan təbili” çalmış və ümumiyyətlə, bəzi mövqelər üzrə səviyyəli futbolçuların çatışmadığını, hətta mərkəz müdafiəçilərinin "kökünün kəsilməkdə olduğunu" bildirmişdi. Həm Qurban Qurbanov, həm də Rəşad Sadıqov illərini Azərbaycan futboluna vermiş, futbolumuzun problemlərini dərindən öyrənmiş şəxslərdir. Onlar bu problemləri gündəmə gətirib, həmin problemlərin həllinin vacibliyini vurğulayırlarsa, deməli, vəziyyət doğurdan da ciddidir və biz vaxt itirmədən həll yollarını tapmalıyıq.
Azərbaycan futbolunun problemləri deyəndə ilk ağla gələn uşaq futbolu, əyalətlərin “oyundan kənar vəziyyətdə” qalması, Premyer Liqada iştirak edən klubların sayının az olması, milli komandalara seçimin məhdudluğudur. Bəs, bu problemləri necə həll etmək, Azərbaycan futbolunu yeni inkişaf mərhələsinə necə çıxarmaq olar? Bütün bu məsələlər ətrafında veteran futbolçu, artıq özünü məşqçi kimi sınamağa da macal tapmış Aslan Kərimovla söhbələşdik. Müsahib kimi onu seçməyimiz heç də səbəbsiz deyildi. Axı, 45 yaşlı mütəxəssis müxtəlif yaş qrupları üzrə millilərdə çalışmaqla yanaşı, AFFA-nın nəzdində keçirilən məşqçi kurslarında da təlimatçı kimi mühazirələr oxuyur, imtahanlarda həlledici sözə sahib olur. Futbolun nəzəriyyəsini dərindən öyrənən Kərimov təkcə futbolçuların deyil, həm də məşqçilərin problemlərindən məlumatlıdır. Elə bu səbəbdən də yeni layihəmizin ilk müsahibi kimi onu seçdik. Söhbətimizin xeyli maraqlı alınması seçimimizdə yanılmadığımızı göstərdi.
Aslan Kərimov: “Futbola baxışımız mütləq dəyişməlidir”
- Azərbaycan futbolunun problemlərindən söz düşəndə müxtəlif məqamlar üzərində dayanılır, fərqli istiqamətlərdən danışılır. Sözün əsl mənasında yetərincə geniş və dərin mövzudur. Uzun müddətdir ki, bizim futbolumuzun içindəsiniz. Sizin üçün həmin problemlər hansılardır? Əsasən hansı problemlərin həllindən başlamalıyıq?
- Ciddi həllini gözləyən problem kimi infrastrukturu deyərdim. Məşq etməyə stadion tapılmırsa, keyfiyyətdən danışmağa dəyməz. Burada söhbət futbol oynamaq üçün tikilən meydanlardan getmir. Bəli, sevindirici haldır ki, bizim Bakı Olimpiya Stadionu kimi möhtəşəm idman qurğumuz var. Yaxud da Tofiq Bəhramovun adını daşıyan Respublika stadionu təmirdən sonra əla vəziyyətdədir və bütün müasir tələblərə cavab verir. Amma burada söhbət uşaq futbolunun inkişafına təkan verəcək stadionlardan gedir. Bu iki stadionun yardımçı meydançalarında məşq etmək üçün müəyyən şərait var. Lakin “Bakcell Arena” haqqında eyni sözləri demək mümkün deyil. Bizim uşaq futboluna xidmət edəcək meydanlara ehtiyacımız var. Konkret desək, uşaq akademiyalarına. Belə akademiyaların nəzdində çoxlu meydançalar, hər cür şərait olmalıdır. Özü də ən azı 6-7 belə meydançanın olması vacibdir. Çünki 10 yaş qrupu üzrə komandası olan klubun yetirmələri eyni anda bir-birinə mane olmadan məşq edə bilməlidirlər. Bu problemin həll etdikdən sonra maarifləndirmə barədə düşünməliyik. Hazırda maarifləndirmə sahəsində keçmiş SSRİ məkanında ilk sıralardayıq. Belə deyim, bir qədər futbola baxışımızı, zehniyyətimizi dəyişməliyik. Aşağı yaş qruplarında çalışan məşqçilərdən nəticə tələb etmək heç də düzgün deyil. Klub rəhbərlərinin futbola yanaşması, baxış bucağı yanlışdır. Bir çempionatda nəticə qazanmaq hələ inkişaf deyil. İndi bizim klub rəhbərlərimiz fikirləşir ki, hansı yaş qrupunda nəticə qazanılırsa, orda inkişaf gedir. Tamamilə yanlış düşüncədir. Belədə məşqçi çətin seçim qarşısında qalır, hansısa ekspermentlərə əl atmaqdan çəkinir. Bəzən klub rəhbərləri ilə yanaşı məşqçilərin özləri də nəticə həvəsinə düşürlər. Onların belə eqosu futbola təkcə bu günlə baxmağa, gələcəyi nəticədən daha çox düşünməyə imkan vermir. Futbolumuzun qlobal problemlərindən biri də məhz küçə futbolunun azalması, demək olar ki, yoxa çıxmasıdır.
Sizli-bizli paytaxtda yaşayırıq. Yəqin siz də razılaşarsız ki, indi çox nadir hallarda uşaqların küçədə, həyətlərdə futbol oynadığını görmək olar. Bizim futbolu inkişafdan saxlayan əsas amillərdən biri də budur. Son 4-5 ildə xüsusilə bu çətinlik ciddiləşib. AFFA tərəfindən müxtəlif layihələr həyata keçirilir, təbliğat işlarinə böyük önəm verilir, orta məktəblərdə şagirdlərlə görüşülür, söhbətlər aparılır. Amma problemi həll etmək mümkün olmayıb. Küçə futbolu mütləq olmalıdır. Ümumi problemlərimizi sadalayası olsaq, mən məhz bu üç məqam üzərində dayanardım.
- Növbəti sualımız məşqçilər barədə olacaq. Özünüz də neçə illərdir məşqçilərə mühazirələr oxuyursuz, onların psixologiyasına bələdsiniz. Nə üçün bizim məşqçilərimiz ölkə sərhədlərini aşa bilmirlər?! Heç uzaq Avropa ölkələrindən danışmayaq. Azərbaycanda Gürcüstandan, Ukraynadan məşqçilər çalışıb. Bizimkilərə isə heç sabiq müttəfiqlərimizdə, qonşu ölkələrdə ehtiyac duyulmur. Səbəb nədir? Psixoloji hazırlığımız zəifdir, ya bizə inanmırlar?
- Əminliklə söyləyirəm ki, bilik və savad baxımından azərbaycanlı mütəxəssislər zəif deyillər. Nəinki keçmiş SSRİ məkanında, hətta İspaniyanın özündə belə futbol savadı bizimkilərdən güclü olmayan mütəxəssislərə etimad göstərilir, onlara komanda tapşırılır. Sanki daşlamış stereotiplər var. Misal üçün, braziliyalı futbolçu deyəndə hamının gözünün önünə texnikalı futbolçu gəlir. Halbuku orda da xeyli artıq çəkisi olan, yöndəmsiz, oynamağı bacarmayan futbolçular var. Bu məqam futbolun marketinq tərəfidir. İstər-istəməz qəbul etməliyik ki, Gürcüstan futbolu Qafqaz ölkələri arasında lider olub, bizi xeyli qabaqlayıblar. Bu baxımdan da gürcü məşqçinin hardasa özünə iş tapması, etibar qazanması daha asan olur, nəinki azərbaycanlının. Eyni sözləri ukraynalılar haqda da demək mümkündür. Onlara inanırlar. Futbolda böyük nailiyyətimiz olmadığına görə bizə inamsızlıq yaranıb. Lap elə futbolu yaxşı bilsən, istedadlı olsan belə, sənə etimad göstərməyi risk sayırlar. Qurban Qurbanov nümunəsinə baxaq. Artıq özünü sübut etməyi, yetərincə ciddi uğurlar qazanmağı bacarıb. Bunu hamı qəbul edir. Amma heç kim təminat verə bilməz ki, Qurban müəllim Türkiyədə hansısa klubu çalışdırsa, orda uğur qazanacaq. Qazanmaya da bilər. Klaudio Ranyeri çempion oldu, sonra başqa nailiyyəti olmadı. Belə misallar var. Bu baxımdan ölkədən çıxan məşqçilərin imici vacibdir. Daha sonra isə məşqçinin bir qədər bəxti də olmalıdır. Ciddi sözümdür. Təkcə savadlı və istedadlı olmaq yetmir. Futbolda bəxt amili də rol oynayır. Bu baxımdan indiki şəraitdə azərbaycanlı məşqçinin ölkədən kənara çıxıb, işləməsi bir qədər çətin görünür. Bəlkə də, “Qarabağ”ın uğurları, Qurban Qurbanovun nüfuzunun artması bizim məşqçilər üçün də gələcəkdə hansısa yollar açacaq.
- Məşqçilərlə yanaşı futbolçularla bağlı ciddi çatışmazlıq hiss olunur. Azərbaycanlı hücumçu deyəndə hazırda gözümüzün önünə təkcə Rauf Əliyev gəlir. Yaxşı qol duyumu, fiziki göstəriciləri var. İndiki nəslin arasında digər belə bir hücumçu görünmür. O da bəlli səbəblərdən indi klubsuz qalıb. Milli komandamız üçün də ciddi itkidir. Mərkəz müdafiəçiləri ilə bağlı da ciddi problem yaşanır. Rəşad Sadıqov özü də bildirib ki, onun mövqeyinə layiqli əvəzləyici tapmaq çətindir. Bunun səbəbi nədir? Hardadır bizim hücumçularımız və mərkəz müdafiəçilərimiz? Problem fiziki göstəricilərdədir, yoxsa istedad azlığında?
- Düşünürəm ki, fiziki göstəricilər ciddi problem ola bilməz. Ən asan aradan qaldırıla biləcək nöqsan məhz fiziki bacarıqla bağlıdır. Statistikaya görə hardasa 12-16 həftə aralığında müntəzəm məşqlər keçməklə istənilən futbolçunu fiziki baxımdan yüksək səviyyəyə çatdırmaq olar. Əsla bu məsələdə fiziki problemlər həlledici rol oynamır. Hücumçunun ən vacib keyfiyyəti qol duyumudur ki, bunun da fiziki hazırlıqla heç bir bağlılığı yoxdur. Hesab edirəm ki, problemin kökünü aşağı yaş qruplarında buraxılan səhvlərdə axtarmalıyıq. Biz səhvə uşaq futbolunda yol veririk və bir gün baxıb görürük ki, bu cür vacib mövelərə futbolçu tapa bilmirik. Şəxsi təcrübəmə əsasən subyektiv fikrimi söyləyirəm. Elə mərkəz müdafiəçisinin yoxluğu, olanların da lazımı səviyyədə olmaması da bilavasitə uşaq yaşlarından gələn qüsurların nəticəsidir. Səbəbini də izah edim. Uşaq məşqçiləri mərkəz müdafiəçisinin səhv etməsindən çəkinirlər. Məşqçilər uşaqlara tapşırıq verir ki, arxada topu çox saxlamayın, bir-birinizə çox ötürmə etməyin və uzun “paslarla” topu müdafiədən tez uzaqlaşdırın. Bu isə həm uşaqlarda qorxu yaradır, həm də topla oynamaq davranışlarını mənimsəməyə mane olur. Kombinasiyalı oyun nümayiş etdirməyə çalışmırlar. Çünki belədə topun qapı yaxınlığında qalma müddətdi artır, qol buraxmaq riski yaranır. Bayaq qeyd etdiyim kimi, nəticə tələbi burda həlledici məqamdır. Nəyin bahasına olursa-olsun nəticə qazanmaq istəyən məşqçisinin yaxşı mərkəz müdafiəçisi yetişdirmək yadına düşmür. Arxada oyun qurmaq istəmirsənsə belədə topu da tez-tələsik irəli ötürməyə çalışırsan. Bu düşüncədə olan futbolçular heç vaxt kombinasiyalı oyunu mənimsəyə, özünə inam formalaşdıra bilməzlər. Bir mərkəz müdafiəçisi futbolu öyrənməyə başlayandan ancaq topu irəli vurmağı düşünürsə, ondan gələcəkdə etibarla müdafiəçi gözləmək absurddur. Eləcə də hücumçularla bağlı demək olar. Hücumçuların özləri də istedadlarını inkişaf etdirə bilmirlər. Qeyd edim ki, bu problem hazırda Avropada da hiss olunur. Bu yaxınlarda almanlar seminarların birində özləri şikayətlənirdilər ki, Klozedən sonra onlara səviyyəli sırf mərkəz hücumçusu yetişməyib. Almanlar da öz gələcəklərindən narahatdırlar. Latın Amerikası ölkələrində isə belə bir problem yoxdur. Bilirsiz niyə? Ona görə ki, orda hamı böyük futbola küçədən gəlir. Əvvəldə qeyd etdiyimiz məqama qayıdırıq. Hücumçuluq keyfiyyəti, qol duyumu küçə futbolunda püxtələşir. Orda xeyli sayda qol vurursan və öz bacarığını inkişaf etdirirsən, vacib anlarda topu qapıya necə göndərmək barədə düşünüb, qol anını qaçırmırsan. Həm də belə bacarığı, yüksək qol duyumu və fiziki göstəriciləri olan hücumçunu küçədə kəşf edib, böyük futbola gətirmək lazımdır. İstedadı olmayan hücumçunu sonradan nə qədər məşq etdirsən də, ona qol vurmağı öyrətmək çətindir. Problemlərə kompleks şəkildə yanaşa bilsək, zamanla onları həll eməyə nail olacağıq.
Aslan Kərimovun bu dolğun cavablarından sonra futbolumuzun problemləri və onların hardan qaynaqlanması aydın mənzərə ilə gözümüzün önündə canlandı. İnfrastruktur və maarifləndirmədəki nöqsanların aradan qaldırılması, küçə futbolunun yenidən dirçəldilməsi mütləqdir. Araşdırmalarımız növbəti yazılarımızda da davam edəcək. Yeni həmsöhbətlərimizlə ölkə futbolunun problemlərini araşdıracağıq.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir