Əfsanələrin davamçıları niyə yetişmir? – LAYİHƏ
SportLine.az dəyərli oxucularına “Azərbaycan futbolu ilə bağlı bütün sahələrdə yaşanan problemlərin araşdırılması və mümkün həll yollarının göstərilməsi; futbolumuzun tarixi: heç kim və heç nə unudulmur; qadın futbolunun durumu və mövcudluq perspektivləri” adlanan layihə çərçivəsində 2-ci yazını təqdim edir.
İlk yazımızda veteran futbolçu, AFFA-nın keçirdiyi məşqçilik kurslarında təlimçi kimi çalışan Aslan Kərimovla həmsöhbət olmuşduq. Kərimovla söhbətimizdə Azərbaycan futbolunun problemlərinə dərindən baxmağa çalışmış, ayrı-ayrı məqamlar üzərində xüsusi ilə dayanmışdıq. Bu dəfə istedadlı futbolçu çatışmazlığından danışacağıq. Bir vaxtlar Azərbaycan futbolu deyəndə yada düşən, fenomen sayılacaq istedad sahiblərinin davamçılarının olmamasının səbəblərini araşdıracağıq. Adətən, bu mövzudan söhbət düşəndə çoxları bizim fərdi idman növlərində güclü olduğumuzu vurğulayır, kollektiv idman sayılan futbolda, voleybolda və basketbolda uğur qazanmağımızın mümkünsüz olduğunu deyirlər. Hətta çoxdan çeynənmiş bir deyimi də tez-tez eşidirdik: “Azərbaycanda futbolçu olmayıb, olmayacaq da”. Amma tarixə nəzərə salanda bu deyimin kökündən yanlış olduğunu asanlıqla görə bilərik. Adını fəxrlə çəkə biləcəyimiz, uğurları ilə öyündüyümüz istedadlı futbolçularımız yetərincə olub. Onların bəzilərinin adlarını və nailiyyətlərini bir daha xatırlayaq:
“Marakana”da iz qoyan bakılı
Anatoli Banişevski 1946-cı ilin 23 fevralında Bakıda anadan olub. Andrey Banişevskinin sadə ailəsində doğulan Tolik o vaxtkı Razin, indiki Bakıxanov qəsəbəsində topla tanışlığa başlayıb. Cəmi 16 yaşında “Neftyanik”ə cəlb olunan Banişevski cəmi bir il sonra əsas komandada debüt edib. Təkcə Bakının deyil, bütün Azərbaycanın fəxri olan “ağ-qaralar”ın 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanmasında Banişevskinin rolu danılmazdır. Məhz onun bir-birindən vacib qolları sayəsində, o illərdə “Neftyanik” güclü rəqibləri Bakıdan məğlub yola salırdı. Onun bu istedadı SSRİ-də dillər əzbəri olmuş, yığma komandanın da məşqçilərinin diqqətini cəlb etmişdi. Banişevskinin SSRİ yığmasının heyətində məşhur “Marakana” stadionunda Braziliyanın qapısına vurduğu gözəl qol indiyə qədər yaxşı xatırlanır. Ümumilikdə SSRİ yığmasının heyətində 50 oyuna çıxan həmyerlimiz 19 dəfə fərqlənməyi bacarıb. 1966-cı ildə İngiltərədə keçirilən dünya kubokunda iştirak edən Banişevski SSRİ yığmasıyla birlikdə 1968 və 72-ci illərdə qitə çempionatına da qatılıb.
1972-ci ildə keçirilən Avropa çempionatında Banişevski SSRİ yığmasının heyətində gümüş medal qazanıb. Bakıya və “Neftçi”yə sədaqətiylə seçilən Tolik Moskva və Kiyev komandalarından aldığı çoxsaylı sərfəli təklifləri qəbul etməyib, bütün karyerası ərzində doğma komandasının heyətində çıxış edib. Ağ-qara formada Güclülər dəstəsində 212 oyuna çıxan Banişevski 81 qolun müəllifi olub, “Neftçi”nin heyətində aşağı dəstədə isə 76 qarşılaşmada 40 qol vurub.
“San Siro”nu diksindirən Məmmədov
Məşhur rusiyalı qapıçı Lev Yaşin onun haqqında xatirələrini danışarkən belə demişdi: “Yuri Kuznetsovun ötürməsini Ələkbər Məmmədov əla zərbəylə “Milan”nın qapısına göndərdi. Bu, “Dinamo”nun cavab qolu idi. “San Siro”nun tribunalarındakı italyanlar diksindilər və donub qaldılar”. Bəli, söhbət Azərbaycan futbolunun yetirdiyi daha bir istedalı futbolçudan, Ələkbər Məmmədovdan gedir. 1930-cu ilin 9 mayında Bakıda anadan olan Məmmədov cəmi 18 yaşında “Neftyanik”in əsas komandasında debüt edib. 1954-cü ildə isə Moskvaya yollanıb və növbəti beş ildə “Dinamo”nun formasını geyinib. Onun “San Siro”da “Milan”ın qapısına vurduğu 4 qol uzun müddət dillər əzbəri olmuş və bu rekord 2014-cü ilə qədər toxunulmaz qalmışdır. Həmin müddətə qədər Ələkbər Məmmədovdan başqa heç bir futbolçu bir oyunda “Milan”ın qapısına 4 qol vurmağı bacarmayıb. Ümumilikdə “Neftyanik”in heyətində 157 oyun keçirən Məmmədov rəqib qapıçılarını 51 dəfə məyus edib. “Dinamo”nun heyətində isə 92 oyunda 41 dəfə fərqlənib. Həmyerlimiz SSRİ yığmasının heyətində də dörd oyun keçirib, 1960-cı ildə keçirilən Avropa çempionatının iştirakçısı olub.
Moskva klublarının hegemonluğuna son qoyan Nazim Süleymanov
Əvvəlki iki qəhrəmanımızdan fərqli olaraq, Nazim Süleymanov Bakıda yox, Sumqayıtda dünyaya gəlib. 1965-ci ilin 17 fevralında “Gənclik şəhəri”ndə dünyaya göz açan Nazim elə öz həyətlərində, asfalt üzərində top qovmağa başlayıb. 17 yaşında isə Sintez Kauçuk zavodunun komandasında “böyük futbol”a ilk qədəmlərini atıb. “Neftçi”yə qədər uzanan yolu isə Mingəçevir “Avtomobilçi”sindən keçib. 1983-cü ildən 1990-cı ilə qədər “xalq komandası”nın şərəfini qoruyan Nazim 177 oyunda 27 dəfə adını tabloya yazdırıb. Həmin il Bakıdan ayrılan və Moskvaya yollanan “Sulya” bir müddət “Spartak”ın düşərgəsində baxışda olub. Daha sonra isə Valeri Qazzayevin dəvəti ilə Vladifqaza yollanıb, Şimali Osetiya təmsilçisinin əsas fiqurlarından birinə çevrilib. Həmyerlimiz “Alaniya Vladifqaz”ın heyətində Moskva klublarının da hegemonluğuna son qoyub və 1995-ci ildə Rusiya çempionu adını qazanıb. Bu göstəriciyə görə Nazim Süleymanov yeganə azərbaycanlıdır. Növbəti mövsüm isə çempionluq yalnız “qızıl oyun”da əldən çıxdı və Süleymanov gümüş medalla kifayətlənməli oldu. Bu həftə 53 yaşını qeyd edən Nazim ümumilikdə Şimali Osetiya təmsilçisinin heyətində 142 oyuna çıxıb və 60 qola müəlliflik edib. Azərbaycan millisinin ilk kapitanı olan Süleymanov millimizin həm rəsmi, həm də yoxlama oyununda vurduğu ilk qolun müəllifidir. Yarandığı gündən 1998-ci ilə qədər millimizin heyətində çıxış edən hücumçu 24 oyunda beş dəfə fərqlənib.
Pireney yarımadasını fəth edən Vəli Qasımov
1968-ci ilin 10 aprelində Gəncədə doğulan Vəli Qasımovun futbolçu karyerasına həsəd aparmamaq mümkün deyil. 15 yaşından SSRİ yığmasına dəvət alan Vəli, artıq bir il sonra öz həmyaşıdları arasında Avropa çempionu adını qazanıb. Klub karyerasına Xarkovda başlasa da, 1987-ci ildə Bakıya qayıdır və “Neftçi”də çıxış etməyə başlayır. “Neftçi”nin heyətində dörd mövsümə 155 oyun keçirən Qasımov 56 dəfə fərqlənməyi bacarıb. Onun da yolu Nazim Süleymanov kimi sonradan Moskvaya qədər uzanıb. “Spartak”da fərqlənə bilməsə də, “Dinamo”da qolçuluq bacarığını göstərib. “Dinamo”nun heyətində 17 oyuna 16 dəfə adını tabloya yazdıran azərbaycanlı hücumçu çempionatın bombardiri adını qazanıb. Daha bir əlamətdar məqam isə onun mövsüm ərzində iki dəfə het-trik etməsidir. 1992-ci ildə İspaniyaya yollanan Vəli ardıcıl olaraq "Betis" , “Albasete” və “Esixa” klublarının formasını geyinib. Beş mövsüm İspaniyada oynayan həmyerlimiz oradan Portuqaliyaya yol alıb və daha 4 il bu ölkənin çempionatında oynayıb. “Vitoriya Setubal"ın heyətində 41 oyuna 14 dəfə fərqlənən Qasımov “İmortal”ın formasıyla 46 oyunda 16 qolun müəllifi olub. İndiyə qədər başqa heç bir azərbaycanlı futbolçu Vəli Qasımov qədər uğurlu legioner həyatı yaşamağı, “böyük beşlik” adlandırılan çempionatların səviyyəsinə yüksəlməyi bacarmayıb.
Sözsüz ki, bu siyahını daha da uzatmaq, Qurban Qurbanovun, Dmitri Kramarenkonun, Zaur Tağızadənin, Samir Ələkbərovun, Rəşad Sadıqovun və digər istedadlı futbolçuların karyeralarını incələmək mümkündür. Amma bir məsələ də var ki, hazırda bu sahədə durğunluq yaşanır, yeni parlaq istedadlara rastlamaq çətinləşib. Səbəb nədir? Bunu elə həmin əfsanələrdən biri olan Vəli Qasımovla aydınlaşdırmağa çalışdıq. Ötənlərin məşhur hücumçusu onların davamçılarının yetişməməsi barədə nə düşünür?
Vəli Qasımov: “Xaricə yollanmaq vacibdir, amma orada heç kimin başına sığal çəkmirlər”
Xatırladaq ki, Vəli Qasımovun sonuncu iş yeri “Neftçi” olub. Paytaxt klubunda əvvəlcə idman direktoru postunu tutan Qasımov daha sonra əsas komandanı çalışdırmağa başladı. Amma uğursuz nəticələr, “Neftçi”nin ətrafında yaşanan problemlər onun səhhətinə də təsir etdi. İş o yerə gəlib çatdı ki, “Qəbələ” ilə oyun ərəfəsində ürək ağrılarından şikayətlənən Vəli müəllim xəstəxanaya yerləşdirildi. 0:8 hesablı yenilgini xəstəxana palatasından izləyən baş məşqçi daha sonra postundan ayrıldı. Həmin müddətdən bəri Vəli Qasımov “kölgəyə” çəkilib. Bu səbəbdən də onunla söhbətimizə səhhəti və işləri ilə maraqlanmaqla başladıq:
- Mənimlə maraqlandığınız üçün təşəkkür edirəm. Unudulmamaq hər zaman xoşdur. Səhhətim qaydasındadır, özümdə hansısa problem hiss etmirəm. Çətin günlər arxada qalıb, həkimlərimiz sağ olsunlar. Yetərincə istirahət etmişəm, dincəlmişəm. Çalışırdım ki, gərginlikdən uzaq olum. Soruşursunuz ki, iş-gücüm necədir? Buna belə cavab verərdim ki, iş yoxdur, amma güc çoxdur (gülür).
- Uzun müddətdir ki, futbolun mərkəzindən, qaynar həyatından bir az kənara çəkilmisiniz. Yəqin ki, kənardan baş verənləri daha yaxşı analiz etmək, problemləri dəqiq görmək mümkündür. Elə ilk sualımız da bununla bağlıdır. Azərbaycan futbolunun əsas problemini nədə görürsünüz?
- Bu sözümdən heç kim inciməsin, amma belə davam etsə, Azərbaycan futbolunun gələcəyi olmayacaq. Ciddi tənəzzüllə qarşılaşmışıq. Futbolçunun gücü, onun səviyyəsi ona olan tələbatdan, çıxış etdiyi çempionatdan məlum olur. Futbolumuzun əsas problemi ayrı-ayrı fərdlərin inkişaf etməməsində, onların güclü çempionatlara yollana bilməməsindədir. Bu gün bizim hansısa futbolçumuza Azərbaycandan kənarda ehtiyac yoxdur. Onları bizdən başqa heç kim tanımır. Avropa ölkələrinin hansınınsa çempionatında bizim yetirmələrimizdən kim oynayır? Qonşularımızın hər birinin fərqli ölkələrin klublarında təmsilçiləri var. Gürcülər də, ermənilər də həmişə can atıblar ki, daha güclü çempionatlara yollansınlar, səviyyələrini artırsınlar. Avropa ölkələrinin çempionatları ilə Azərbaycan Premyer Liqasını müqayisə etmək mümkün deyil. Səviyyə fərqi çox böyükdür. Futbolumuzu inkişaf etdirmək istəyiriksə, istedadlı yeniyetmələrimizi dərhal ölkədən xaricə göndərməliyik. Orda həmin gənclər hərtərəfli püxtələşəcəklər. Həm həyata yeni baxış formalaşacaq, həm də güclü rəqabət fonunda inkişaf edəcəklər. Futbolçunun təcrübəsindən, yetişdiyi mühitdən çox şey asılıdır. Bizim gənclər Avropaya yollansalar, orada əsl futbolun ab-havasını hiss edəcəklər. Peşəkarlarla çiyin-çiyin oynamaqla onlar öz istedadlarını daha çox açacaqlar, səviyyələri artacaq. Çempionatımızın səviyyəsi aşağı olduğundan gənclər öz üzərlərində az işləyirlər, ağır məşqlərdən yayınmağa can atırlar. Biz belələrinə qarşı daha tələbkar olmalıyıq. Onlar düşünürlər ki, daha az məşq etməklə yerli çempionatda günlərini keçirəcəklər. Xaricdə isə belə deyil. Şərait də bu mənada böyük rol oynayır. Baza və akademiyaların olması vacibdir. Futbolçu daim peşəkarların nəzarətində olmalıdır, idman rejiminə, qidalanmasına və istirahətinə ciddi əməl etməlidir. Azərbaycan futbolu bütövlükdə Bakıya doğru köç edib. Çempionatda iştirak edənlərin böyük əksəriyyəti də paytaxtda oynayır. Yaxşı futbolçularımız rayonlardan, bölgələrdən çıxıblar. Gəncədən, Tovuzdan, Şəmkirdən nə qədər istedadlı futbolçularımız var. Amma bu gün həmin rayonlarda futbol “ölüb”. Orda şəraiti yenidən yaratmalıyıq, bölgələrin futbol həyatı qaynar olmalıdır. Zonalar arası yeniyetmələrin çempionatına daha ciddi yanaşmalıyıq. Futbola həvəsi olan, istedadı ilə seçilən yeniyetmələr əvvəlcə orda oynamalı, bərkiməlidirlər. Daha sonra isə “böyük futbol”a qədəm qoymalıdırlar.
- Maraqlı məqama toxundunuz. Adətən, bu cür müzakirələr aparılanda AFFA rəsmiləri bir arqument irəli sürürlər ki, rayonlarda klub yaratmaq, onu çempionata hazırlamaq onların işi deyil. Hansısa bölgənin biznesmenləri, iş adamları futbola maraq göstərməli, sponsorluğu öz üzərlərinə götürməlidirlər. Siz bu hada nə düşünürsünüz?
- Konkret desək, bu məsələ AFFA-dan asılıdır. Həmin arqumentdə də həqiqət var. Amma reallığı da nəzərə almalıyıq. Premyer Liqada iştirak edən klublara kim kömək edir? Əlbəttə ki, AFFA. Hazırda klubların 90 faizinə maliyyəni AFFA ayırır. Deməli, həmin maliyyədən rayonlarda olanlara da ayırmaq olar. İstəsələr, kömək etməyə həvəsləri olsa, bunu həyata keçirmək olar. Rayonların çoxunda stadion da var, böyük maliyyə vəsaiti də tələb olunmur. Bir qədər stadionları təmir etmək, hazır vəziyyətə gətirmək lazımdır. Şərait yaratmaq da çətin deyil. Forma və topla təmin etmək, yaxşı mütəxəssisləri bu işdə maraqlandırmaq kifayətdir. İşsiz mütəxəssislərimiz yetərincədir. Onlara maaş verib, rayonlara göndərməklə böyük layihələr həyata keçirmək olar.
- Futbolumuzun keçmişindən danışanda sizin adınız yada düşür, yaxud da Nazim Süleymanovun. Bir az irəli gedəndə Banişevski, Məmmədov və Tuayev. Əvvəllər yetərincə bu cür istedadlar olub. İndi sanki belə futbolçular yetişmir. Olmaya, tükənmişik?
- Bəli, belə futbolçular yoxdur. Acı etirafdır, amma bunu deməliyik. Yaxşı futbolçu yetişmir. Bir müddət əvvəl Azərbaycan futboluna böyük pullar yatırıldı. Fantastik məbləğdə pullar maaş kimi futbolçulara verilirdi. Az-çox istedadı olanlar da yaxşı qazanmağa başladılar. Bu proses bizi xeyli geri saldı. Sizin də gözünüzün önündə bu proseslər yaşandı. Az da olsa, istedadlarımız var idi. Vaxtında ölkəni tərk edib, xarici çempionatlarda oynasaydılar, yaxşı futbolçu ola bilərdilər. Məsələnin digər tərəfi də xarakter məsələsidir. Bəzi çətinliklərə dözmək üçün yetişmək vacibdir. Orda heç bir gəlmənin başına sığal çəkmirlər. Əksinə, səni sıxırlar. Darıxmaq bir yandan, digər tərəfdən də yerlilər sənə qarşı aqressiv olurlar ki, sən gəlib onların yerini tutursan.
Müxtəlif pilləli problemlər var, onların hamısını keçməlisən. Yalnız ondan sonra uğurlu legioner karyerası qura bilərsən. Bəzi futbolçularımız xaricə gedəndən sonra dözə bilmirlər, səbrsiz davranırlar. Darıxmağa başlayan kimi futbol yaddan çıxır. Bəhanə axtarırlar ki, evə qayıtsınlar, burdakı klubların biri ilə razılığa gəlsinlər. Bunun üçün də say-seçmə, psixoloji hazırlığı yaxşı olanlar xaricə yollanmalıdılar. İstənilən adam doğma evdən uzaq düşəndə darıxır. Amma ilk il çətinlik olur. Sonra öyrəşirsən. Çalışmalısan ki, meylini futbola salasan, ancaq iş barədə düşünəsən. Belədə daha asan olur, tez uyğunlaşırsan. Həmin mərhələni də keçmək lazımdır. Təəssüf ki, bizim gənclər bu mərhələni keçməyə hazır olmurlar. Belədə istedadları tam açılmamış itib-batr, sıradan bir futbolçuya çevrilirlər.
- Siz millidə də çalışmısız. Həm Berti Foqtsla əsas millidə, həm də aşağı yaş qruplarında. İş təcrübənizdə “Neftçi” səhifəsi də var. Bir futbolçu nəsli sizin gözünüzün önündən keçib. Öz vaxtlarınızla müqayisə edəcəyiniz futbolçular görmüsünüzmü? Müqayisə edəndə hansısa gənci “gözaltı” etmisinizmi ki, gələcəkdə ondan böyük futbolçu ola bilər?
- Barmaqla sayılacaq qədər belə futbolçular olub. Amma saydığımız problemlər onlara yeni mərhələyə keçməyə imkan verməyib. Tam peşəkar kimi püxtələşməmiş yeniyetmə üçün dəqiq proqnoz vermək, onun gələcəkdə böyük futbolçu olacağını demək də çox çətindir. Hamımız bilirik ki, çoxdandı bizim futbol məktəblərimiz də düzgün işlərmir. Avropadan xeyli geri qalmışıq. Məşqçilər gəlir, topu uşaqlara verir, günlərini keçirirlər. Müasir futbolun incəliklərindən, taktiki tapşırıqlardan, müxtəlif sistemlərdən uzaq qalmışıq. Çox şeylər var ki, həmin uşağın bilməsi vacibdir. Sabah o peşəkar futbolçu olacaq həddə çatanda həmin nöqsanlar özünü göstərəcək. Bəzən olur ki, bir futbolçunu hansısa mövqeyə çəkirsən. Deyir ki, mən burda oynamağa öyrəşməmişəm, orda oynamaq istəmirəm. Universallıqdan uzaq olmaq azyaşlı futbolçu üçün heç də yaxşı xüsusiyyət deyil. Belə nüanslar ümumi problemlərdir ki, az-çox istedadı olanların da gələcəkdə böyük futbolçuya çevrilməsinə imkan vermir. Axtarsaq yaxşı futbolçular tapa bilərik. Amma Azərbaycan səviyyəsində olar. Bizim indi gördüklərimiz də belələridir. Onlar Avropa səhnəsinə çıxanda görmüşük ki, taktiki futboldan, zonaları bağlamaqdan, meydandakı yerdəyişmələrdən xəbərsizdirlər. 23-24 yaşında futbolçu I divizion komandasına gələndə, deyirlər ki, hələ gəncdir, bundan sonra parlayacaq. Unudurlar ki, o yaşdan sonra elementar futbol fəndlərini öyrənmək gecdir.
Vəli Qasımovla söhbətimizi belə yekunlaşdırdıq. Bir daha aydın oldu ki, Azərbaycan futbolunda həllini gözləyən xeyli problemlər var ki, onlara kompleks yanaşmaq vacibdir. Yalnız bundan sonra biz yeni banişevskilər, süleymanovlar, qasımovlar görə biləcəyik.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir