"Leyptsiq"in futbolçusu millimizlə oyunu buraxacaq

Avstriya yığmasının futbolçusu Ksaver Şlager Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə oyunu buraxacaq.

Sportline.az xəbər verir ki, Almaniyanın "Leyptsiq" klubunda çıxış edən 26 yaşlı yarımmüdafiəçi Bundesliqanın 23-cü turunda Dortmund "Borussiya"sı ilə keçirilən görüşdə (1:2) zədələnib.

Almaniya mətbuatı topuğundan ciddi zədə alan futbolçunun əməliyyat olunacağını və uzun müddət meydana çıxa bilməyəcəyini yazıb. Onun hətta mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcəyi ehtimal olunur.

Qeyd edək ki, Avstriya yığması Avro-2024-ün seçmə mərhələsində martın 24-də Azərbaycan, martın 27-də isə Estoniya millisini qəbul edəcək.