Liderlə autsayderin görüşündə 55 qol vurulub
Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti tura “Azərsu” – “Gənclərbirliyi” görüşü ilə start verilib.
Sportline.az xəbər verir ki, keçirdiyi bütün oyunları qələbə ilə başa vuran “Azərsu” uğurlu seriyanı davam etdirib. Çempionatın lideri ilə autsayderinin qarşılaşması 40:15 hesabı ilə nəticələnib.
Günün ikinci matçı daha böyük maraq doğururdu. Yarış cədvəlində qonşu pillələri bölüşən “Qarabağ”la “Azəryol”un görüşü gözlənildiyi kimi gərgin mübarizə şəraitində keçib. 45 qolun qeydə alındığı qarşılaşmada, daha yüksək əzmkarlıq nümayiş etdirən “Azəryol” qələbə qazanıb – 26:19.
7 oyundan 14 xal toplayan “Azərsu” çempionatın vahid lideridir. Ondan 3 oyun az keçirən “Azəryol” 6 xalla ikinci pillədədir. 3-cü yerdə qərarlaşan “Qarabağ”ın aktivində 4 xal var. Tbilisi “Olimpiya”sının 4 oyundan, “İdman Akademiyası”nın 6 oyundan 3 xalı var. Bütün görüşlərdə məğlubiyyətlə barışan “Gənclərbirliyi” yarış cədvəlinin son pilləsindədir.