Maradona Argentina və İtaliyanı üz-üzə qoyacaq

Ötən ilin noyabrında vəfat edən Dieqo Maradonanın xatirəsinə İtaliya və Argentina milliləri arasında yoldaşlıq oyunu keçiriləcək. Sportline.az xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, qurumun UEFA ilə razılıq əldə etdiyi və Argentinayla İtaliya arasında yoldaşlıq oyunu keçiriləcəyi bildirilib.

Maradonanın xatirəsinə həsr olunan oyun 2022-ci ilin iyununda olacaq. Dəqiq tarix hələ bəlli deyil.

İtaliya seçməsi bu il keçirilən AÇ-2020-ni, Argentina millisi isə Amerika kubokunu qazanıb.

Xatırladaq ki, Maradona 2020-ci ilin noyabrın 25-də, 60 yaşında dünyasını dəyişib.