Mariya Stadnik ukraynalı güləşçilərin ailələrinə müraciət edib
Azərbaycanın Ukrayna əsilli titullu qadın güləşçisi Mariya Stadnik müharibə ilə əlaqədar ölkəsində bu idman növü ilə məşğul olanların ailələrinə müraciət ünvanlayıb.
Sportline.az xəbər verir ki, dördqat olimpiya mükafatçısı, ikiqat dünya və səkkizqat Avropa çempionu bununla bağlı özünün instaqram səhifəsində paylaşım edib.
O, Rusiya ordusunun hücumu nəticəsində evləri dağılmış idmançılara yardım etməyə hazır olduğunu bildirib: "Ukraynanın hörmətli güləşçiləri. Həyat yoldaşlarınız və uşaqlarınızın təhlükəsizliyini təmin etmək istəyirsinizsə, biz sizə dəstək olmağa hazırıq. Onların qidalanması və sağlamlıqlarının qorunması üçün Almaniyada təhlükəsiz yaşayış məkanı tapa bilərik. Bunun üçün "[email protected]" ünvanı ilə əlaqə saxlaya bilərsiniz".
Qeyd edək ki, Mariya Stadnik daha əvvəl Bakıda Ukraynaya dəstək aksiyasına görə Azərbaycana təşəkkür edib.