"Məhsul" liderliyi davam etdirir

Kişi həndbolçuların ölkə çempionatında XI turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, günün böyük maraqla gözlənilən matçında “Bakı” və “Məhsul” komandaları üz-üzə gəliblər. Çempionluğa iddialı rəqiblərin növbəti görüşü də gərgin mübarizə ilə yadda qalıb. “Bakı” komandası bu oyunda yarış cədvəlinin lideri ilə iki xallıq fərqi aradan qaldırmaq  niyyətində idi. Amma, nominal ev sahibi çox çalışsa da, istəyini reallaşdıra bilməyib. Yüksək əzmkarlıq nümayiş etdirən “Məhsul” oyunu qələbə ilə başa vurub – 26:23.

Günün digər görüşündə isə “Təhsil” və U-18 komandaları qarşılaşıblar. Meydançaya favorit qismində çıxan “Təhsil” rəqibə göz açmağa imkan verməyib. Təhlükəli həmlələrin qarşısını almaqda çətinlik çəkən U-18 növbəti məğlubiyyətlə barışmalı olub – 13:29.

11 oyundan 20 xal toplayan “Məhsul” komandası çempionatın vahid lideridir. “Bakı” ondan 4 xal geri qalır. Üçüncü pillənin sahibi “Təhsil”in aktivində 5 xal var. U-18 1 xalla yarış cədvəlinin autsayderidir.

Azərbaycan çempionatında növbəti oyunlar fevralın 19-una təyin olunub. Həmin gün qadın həndbolçular meydançaya çıxacaqlar. Azarkeşləri “Azərsu” – “Qarabağ” və “Azəryol” – “İdman Akademiyası” görüşləri gözləyir.